23 iyun 2026 19:46
86

Gənclər Fondunun Səyyar Gənclər Xidməti layihəsinin Şəkidə açılışı baş tutub

2019-cu ildən bəri Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən və ənənə halını alan “Səyyar Gənclər Xidməti” layihəsinin 2026-cı il üzrə ilk dayanacağı Şəki şəhəri olub. “İki sahil” xəbər verir ki, bu il Gənclər Fondunun yaradılmasının 15 illiyinə həsr olunan layihə “Gənclərlə, gənclər üçün” şüarı altında həyata keçiriləcək.

“Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və rəqəmsallaşma kimi sahələrdə həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində ümumilikdə respublikamızın 20 inzibati vahidinin ucqar kəndlərində yaşayan gənclərin ictimai fəallığının artırılması, dövlətçilik ənənələrinin təşviq edilməsi, şəxsi və peşəkar inkişafına yönəlmiş təlim, seminar və görüşlərin təşkil olunması, cəmiyyətin prioritet fəaliyyət sahələri üzrə düzgün maarifləndirilməsi hədəflənir.

23 iyun tarixində Şəki şəhərində baş tutan açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Vətən müharibəsi qazisi Mustafa Novruzlu iştirak ediblər. Rəsmi çıxışlar zamanı layihənin region gəncləri üçün əhəmiyyətindən bəhs edilib, gənclərin hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, onların ictimai fəallığının yüksəldilməsinə və inkişaf imkanlarının birbaşa gənclərin yaşadığı ərazilərə çatdırılmasına mühüm töhfə verdiyi vurğulanıb. Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Tədbir zamanı xüsusi hazırlanmış açıq hava məkanında gənclər üçün dövlət qurumları və özəl sektorun nümayəndələri ilə görüşlər, gənclərə vətənpərvərlik ruhunun aşılanması, onların yaradıcılıq potensialının inkişafı, rəqəmsal bacarıqların artırılması, vətənpərvərlik və sağlam həyat tərzi üzrə məlumatlılığının gücləndirilməsi, təhsil və karyera imkanlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif maarifləndirici sessiyalar təşkil edilib.

Səyyar Gənclər Xidmətinin əsas yeniliklərindən biri də gənclər üçün müxtəlif istiqamətləri əhatə edən tematik zonaların yaradılmasıdır. Gənclər “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik”, eləcə də “Əyləncə” zonalarında interaktiv fəaliyyətlərdə – vörkşoplar, master-klasslar, viktorinalar və intellektual oyunlarda fəal iştirak ediblər. Tədbir zamanı təşkil olunan fəaliyyətlərdə fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.

Layihə Şəki gənclərinə 27 iyun tarixinədək xidmət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu il Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Laçın, Zəngilan və Füzulidən olan 8 mindən çox gənci əhatə edəcək.