Enerji keçidinin növbəti mərhələsi getdikcə daha çox icra məsələsi ilə bağlıdır.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində COP31-IEA Yüksək Səviyyəli Enerji Keçidi Dialoqunda çıxışı zamanı deyib.
"Bərpa olunan enerjinin tətbiqi artmaqda davam etsə də, infrastruktur, şəbəkənin genişləndirilməsi və sistemin etibarlılığı kritik maneələrə çevrilir", - o əlavə edib.
M. Babayevin sözlərinə görə, enerji təhlükəsizliyi, əlçatanlıq və emissiyaların azaldılmasını yaxşılaşdıran daha böyük investisiya, sürətli tətbiq və praktiki həllər vasitəsilə iqlim ambisiyalarını real nəticələrə çevirmək vacibdir.
Müzakirələrdə icra məsələsinin getdikcə qlobal enerji keçidinin mərkəzi çağırışına çevrildiyi və bunun hökumətlər, sənaye, maliyyə institutları və beynəlxalq təşkilatlar arasında daha güclü əməkdaşlıq tələb etdiyi vurğulanıb.