24 iyun 2026 14:52
103

Azərbaycan Universitetinin nümayəndə heyəti “QS Higher Ed Summit: Europe 2026” iştirak edir

Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq sammitində iştirak edirlər. Ali təhsil sahəsində mühüm platformalardan biri hesab olunan sammit Avropanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini və akademik icma nümayəndələrini bir araya gətirib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Universitetini tədbirdə ali təhsil müəssisəsinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edirlər.

“Avropanın istedad və innovasiya üstünlüyünün gücləndirilməsi” mövzusuna həsr olunan sammit çərçivəsində ali təhsildə müasir çağırışlar, beynəlmiləlləşmə, innovativ inkişaf, elmi əməkdaşlıq və universitetlərarası tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində universitet nümayəndələri müxtəlif ölkələrdən olan ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirir, gələcək əməkdaşlıq imkanları, akademik mobillik, elmi-tədqiqat fəaliyyəti və ali təhsilin idarə olunmasında innovativ yanaşmalar ətrafında fikir mübadiləsi aparırlar.

Sammitdə iştirak Azərbaycan Universitetinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal akademik əlaqələrin inkişaf etdirilməsi və ali təhsil məkanında universitetin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir. Universitet beynəlxalq təhsil platformalarında fəal iştirak etməyə, akademik tərəfdaşlıq əlaqələrini genişləndirməyə və qlobal ali təhsil məkanına inteqrasiyanı gücləndirməyə bundan sonra da xüsusi əhəmiyyət verməyə davam edəcək.