24 iyun 2026 17:26
92

BDU-nun rektoru Budapeştdə süni intellekt və elmi əməkdaşlığın gələcəyindən danışıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Elmi əməkdaşlıqda yeni üfüqlər" adlı panel sessiyada məruzəçi qismində iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin rəhbərlərini, tanınmış alimlərini və ekspertləri bir araya gətirən paneldə beynəlxalq elmi əməkdaşlığın gələcəyi, qlobal problemlərin həllində universitetlərin rolu, süni intellekt və rəqəmsal texnologiyaların elmi tədqiqatlara təsiri, eləcə də innovativ tərəfdaşlıq modelləri müzakirə olunub.

Çıxışı zamanı rektor Elçin Babayev bildirib ki, müasir dövrdə elmi əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Onun sözlərinə görə, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və səhiyyə kimi qlobal çağırışlar yalnız beynəlxalq tərəfdaşlıq və bilik mübadiləsi vasitəsilə effektiv həll oluna bilər. Rektor vurğulayıb ki, beynəlxalq tədqiqat əməkdaşlığı qlobal elmin inkişafı ilə yanaşı, ölkələrin milli inkişaf prioritetlərinə, o cümlədən innovasiya, yaşıl enerji, süni intellekt və insan kapitalının inkişafına da xidmət etməlidir. O qeyd edib ki, universitetin beynəlxalq layihələri ortaq tədqiqatların aparılması, məlumat mübadiləsi və birgə elmi nəticələrin əldə edilməsinə yönəlib. Süni intellekt və rəqəmsal texnologiyaların elmi əməkdaşlığa təsirindən danışan rektor Elçin Babayev bildirib ki, bu texnologiyalar tədqiqat prosesini daha çevik və səmərəli edir, böyük məlumatların emalı və qlobal əməkdaşlıq imkanlarını genişləndirir. Bununla yanaşı, o vurğulayıb ki, süni intellekt insanın elmi yaradıcılığını və tənqidi düşüncəsini əvəz edə bilməz. Rektor əlavə edib ki, əsas məsələ süni intellektdən məsuliyyətli istifadə, akademik dürüstlüyün və etik prinsiplərin qorunmasıdır və universitetlər bu istiqamətdə mühüm rol oynayır. Çıxışının sonunda o vurğulayıb ki, gələcəkdə uğur qazanan universitetlər süni intellekt və digər qabaqcıl texnologiyaları insan potensialı, güclü beynəlxalq tərəfdaşlıqlar və etibarlı elmi əməkdaşlıq mühiti ilə birləşdirə bilən ali təhsil müəssisələri olacaq.

Harvard Universitetinin tibb üzrə dosenti Sat Bir Khalsanın moderatorluq etdiyi panel sessiyada ABŞ-nin Tennessee Universitetinin Qlobal tədqiqatlar, innovasiya və tərəfdaşlıqlar üzrə direktoru Rachel Rui və Cənubi Danimarka Universitetinin Biznes və sosial elmlər fakültəsinin departament rəhbəri və mərkəz direktoru Lone Grønbæk Jørgensen də məruzəçi qismində iştirak ediblər.