28 iyun 2026 11:15
114

Atəşkəsin pozulması İslamabad memorandumunun birinci bəndinə ziddir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü gecə saat 2-dən 3-ə qədər həyata keçirdikləri birgə raket və dron əməliyyatı zamanı Küveytdəki Əli əs-Salim bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanmada ABŞ ordusunun səkkiz mühüm obyektinə ballistik raketlər və piloitsuz uçuş aparatları (PUA) buraxaraq onları məhv edib və Amerikanın son hücumuna qətiyyətlə cavab verib.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, ABŞ əldə olunan razılaşmaları pozur və SEPAH-ın Hörmüz boğazına nəzarətini bəhanə edərək hücumlar həyata keçirir:

"İslamabad memorandumuna əsasən, Hörmüz boğazından keçidə nəzarət İslam Respublikası tərəfindən həyata keçirilir və bundan sonra qaydaları pozan gəmilərlə əvvəlkindən daha sərt rəftar ediləcək, düşmənin isə hər hansı bəhanə ilə baş verə biləcək istənilən hücumu, hətta dünən gecə və bu gün olduğu kimi, əhəmiyyətsiz hədəflərə yönəlsə belə, sarsıdıcı cavab alacaq".

SEPAH-dan bildirilib ki, atəşkəsin pozulması İslamabad memorandumunun birinci bəndinə ziddir və bütün proseslərin tamamilə dayanmasına gətirib çıxaracaq.