29 iyun 2026 01:40
97

Kallas Ankaraya səfər edəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas 29-30 iyun tarixlərində qurumun Genişlənmə üzrə komissarı Marta Kos və daxili işlər və miqrasiya üzrə Maqnus Brunner ilə birlikdə Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, Avropa nümayəndə heyəti Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq.

Məlumata görə, bu, Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Türkiyəyə ikinci rəsmi səfəri olacaq və bu səfər 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl baş tutacaq.

Tərəflər Aİ ilə Türkiyə arasındakı münasibətlərin vəziyyətini, pisləşən beynəlxalq vəziyyət kontekstində ortaq çətinlikləri, eləcə də Aİ-yə namizəd ölkə və NATO müttəfiqi kimi Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Mövcud səfər, Brüsselin qanunsuz miqrasiyanın qarşısının alınması, eləcə də regional təhlükəsizlik və xarici siyasət məsələləri daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı vacib hesab etdiyi Ankara üçün mühüm siyasi siqnal kimi qəbul edilir.