29 iyun 2026 10:43
98

Latviyanın yeni Baş naziri Avropanı Moskva ilə kompromislər əvəzinə “güc nümayiş etdirməyə” çağırıb

Latviyanın yenicə fəaliyyətə başlamış Baş naziri Andris Kulberqs Avropa ölkələrini Rusiya ilə danışıqlar və kompromislər axtarmaq əvəzinə, vahid mövqe nümayiş etdirməyə və “güc göstərməyə” çağırıb.

“İki sahil” xəbər verir ki, "Euractiv" nəşrinin yaydığı məlumata görə, Latviya hökumətinin başçısı Avropa ilə Rusiya arasında danışıqlar aparmaq üçün hələ vaxtın yetişmədiyini düşünür. O, rəsmi Moskva ilə hər hansı bir sülh sazişinin imzalanacağına inanmadığını vurğulayıb.

Kulberqs qeyd edib ki, avropalıların əsas vəzifəsi güzəştlərə hazırlaşmaq deyil, Avropanın şərq sərhədlərində heç bir "zəif bəndin" qalmadığından əmin olmaqdır: "Biz vahid yanaşmaya sahib olmalıyıq — yalnız o zaman ortalıqda heç bir absurd ideya peyda olmayacaq... İlk növbədə özümüzə güvənməli və güc nümayiş etdirməliyik."

Latviya hökuməti rəsmi Kreml tərəfindən Baltikyanı ölkələrə qarşı artan təxribat fonunda şərq sərhədlərinin təhlükəsizliyini və hava hücumundan müdafiə sistemlərini gücləndirməyə davam edir.