29 iyun 2026 11:11
87

Qlobal dəniz daşımalarının qiyməti rekord həddə çatıb

ABŞ tərəfindən yeni gömrük rüsumlarının tətbiqi ərəfəsində dünyada dəniz nəqliyyatı vasitəsilə yükdaşımaların dəyəri son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.

“İki sahil” xəbər verir ki,  "The Financial Times" (FT) qəzetinin ekspertlərə istinadla verdiyi məlumata görə, bu artımdan ən çox təsirlənən Asiya-Amerika və Asiya-Avropa marşrutları olub.

Dəniz daşımaları üzrə rəqəmsal platforma olan "Freightos"un məlumatına görə, ötən həftə qeyd olunan istiqamətlərdə fraxt (yükdaşıma) tarifləri 2024-cü ilin yayından bəri qeydə alınan ən yüksək zirvə nöqtəsinə çatıb.

Platformanın təqdim etdiyi statistikaya əsasən, standart 40 futluq konteynerin (uzunluğu 12.9 m, eni 2.44 m, hündürlüyü 2.59 m) Çindən ABŞ-ın şərq sahillərinə çatdırılma qiyməti cəmi bir ay əvvəllə müqayisədə %62 artaraq 7 880 dollara yüksəlib. Oxşar şəkildə, Çin ilə Aralıq dənizi limanları arasındakı analoji yükdaşıma xərcləri də %47 artım nümayiş etdirərək 6 431 dollara çatıb.

Dünyanın ən böyük gəmi sahibləri assosiasiyası olan BIMCO mövcud vəziyyəti belə şərh edib: "Gömrük rüsumları ilə bağlı qeyri-müəyyənlik və gəmi yanacağının bahalaşması, xüsusilə ABŞ istiqamətində malların vaxtından əvvəl və sürətlə yüklənməsinə səbəb olub. Bu tələb partlayışı isə fraxt tariflərini kəskin şəkildə yuxarı çəkib".