29 iyun 2026 12:04
97

Dünya Çempionatı zamanı idman obyektlərinin yaxınlığında 400-dən çox PUA ələ keçirilib

ABŞ-da futbol üzrə Dünya Çempionatı (DÇ) başlayandan bəri hüquq-mühafizə orqanları stadionların və digər idman obyektlərinin yaxınlığında icazəsiz uçuşlar həyata keçirən 400-dən çox pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel məlumat verib.

FTB rəhbəri "X" sosial şəbəkəsindəki hesabında təhlükəsizlik tədbirlərinin miqyası barədə yazıb: "Ölkə daxilindəki digər xidmətlərlə sıx əməkdaşlıq şəraitində, uçuşa qadağan olunmuş zona elan edilən obyektlərin yaxınlığında havaya qaldırılmış 400-dən çox pilotsuz təyyarəni müsadirə etmişik."

Keş Patel əlavə edib ki, hazırda Dünya Çempionatına ev sahibliyi edən ABŞ-ın bütün 11 şəhərində PUA-ların havada ələ keçirilməsi üçün xüsusi yerüstü mobil qruplar yerləşdirilib və gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bir müddət əvvəl ABŞ Federal Aviasiya İdarəsi (FAA) çempionat oyunlarının və digər rəsmi kütləvi tədbirlərin keçiriləcəyi 23 stadion və obyektin ətrafında hava məkanının uçuşlara tamamilə bağlanacağını elan etmişdi.

Müəyyən olunmuş qadağaları və təhlükəsizlik qaydalarını pozan şəxsləri çox ciddi sanksiyalar gözləyir. Belə ki, icazəsiz dron uçuran vətəndaşlar 75 min dollardan 100 min dollara qədər məbləğdə cərimə oluna, həmçinin pilotsuz aparatları birdəfəlik müsadirə edilə bilər.