29 iyun 2026 12:18
147

İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərinin attestasiya nəticələrinə əsasən, iyunun 22-dən inkişafyönümlü təlimlərə başlanılıb.

“İki sahil” xəbər verir ki, təlimlərdə Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ regionları üzrə attestasiya zamanı kiçik səs çoxluğu ilə (komissiya üzvlərinin 2 lehinə və 3 əleyhinə səsverməsi) tutduğu vəzifəyə uyğun hesab olunmayan təhsilverənlər iştirak edir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən bu kateqoriyadan olan təhsilverənlərin peşəkar inkişaf ehtiyacları nəzərə alınmaqla ümumilikdə 12 ixtisas üzrə təlim proqramı hazırlanıb. Təlim proqramında nəzəri biliklərlə yanaşı, praktik məşğələlər də yer alıb.

430-dan çox müəllimi əhatə edən təlimlər MEMİM-in təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə həyata keçirilir. Əyani və distant formada təşkil olunan dərslər sahə üzrə yüksəkixtisaslı, zəngin pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən aparılır. Təlim prosesində iştirakçıların peşəkar inkişafına töhfə verən qabaqcıl təcrübə və müasir yanaşmalar tətbiq edilir.

İlk mərhələdə tar, kamança, qarmon, nağara, saz, xanəndəlik, violin, vokal, xor dirijorluğu və təsviri sənət üzrə müəllimlər təlimlərə cəlb olunub.

İyulun 6-dan fortepiano, iyulun 15-dən isə musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilverənlər təlimə qoşulacaqlar.

Ümumilikdə iki ay davam edəcək təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi və metodiki hazırlıqlarının artırılmasına, onların işə qəbul imtahanlarında uğurlu nəticə əldə etməsinə dəstək göstərməkdir.