29 iyun 2026 22:54
102

Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır

Gəncə-Qazax bölgəsi zəngin tarixi, arxeoloji və memarlıq irsi ilə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab olunur. Bölgədə yerləşən çoxsaylı abidələrdə aparılan elmi tədqiqatlar ölkənin qədim tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Tavatəpə yaşayış məskənində artıq üç ildir Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə İtaliyanın Kataniya Universitetinin birgə əməkdaşlığı çərçivəsində sistemli arxeoloji tədqiqatlar aparılır. Layihəyə AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov rəhbərlik edir.

Ekspedisiyanın tərkibində AMEA-nın böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, Yeni Tikinti Sahələrinin Arxeologiyası şöbəsinin əməkdaşları Həsən Əlizadə və Aqil Əliyev, həmçinin İtaliyanın Roma Sapienza Universiteti və CAMNES – Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzinin tədqiqatçıları Alice Mendola, Roberta Sanna, Aurora Borgesi, Emanuela Scalisi, Dario Ciacera Macauda və Giulia La Causa iştirak edirlər.

Qazıntılara rəhbərlik edən mütəxəssislərin sözlərinə görə, Tavatəpə yaşayış məskəni son tunc – erkən dəmir dövrünə aid regionun mühüm arxeoloji abidələrindən biridir. Aparılan tədqiqatlar nəticəsində yaşayış yerinin plan quruluşu, təsərrüfat fəaliyyəti, maddi mədəniyyət nümunələri və qədim sakinlərin həyat tərzi barədə dəyərli məlumatlar əldə olunur.

Tədqiqatlar zamanı yaşayış məskənində qədim sakinlərin dini inanclarını və ayin ənənələrini əks etdirən xüsusi təyinatlı qurbangah kompleksləri də aşkar edilib. Qurbangahlardan birində yüzlərlə kiçik saxsı qab və onların fraqmentləri, digərində isə irihəcmli təsərrüfat küpləri üzə çıxarılıb. Xüsusilə küplərin içərisində qurban mərasimlərində istifadə edildiyi ehtimal olunan heyvan sümüklərinin aşkar edilməsi Tavatəpədə dini-ritual xarakterli mərasimlərin keçirildiyini təsdiqləyən mühüm arxeoloji sübutlardan biri hesab olunur.

Bu unikal tapıntılar son tunc – erkən dəmir dövrü icmalarının dini dünyagörüşünün, ayin ənənələrinin, qurbanvermə mərasimlərinin və mənəvi-mədəni həyatının öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.

Əldə olunan tapıntılar bölgənin qədim məskunlaşma tarixinin, sosial-iqtisadi münasibətlərinin və mədəni inkişaf mərhələlərinin araşdırılması üçün mühüm elmi mənbə rolunu oynayır.

Tavatəpədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanın qədim tarixinin öyrənilməsinə, milli mədəni irsin qorunmasına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, bu araşdırmalar Gəncə-Qazax bölgəsinin zəngin arxeoloji potensialının tanıdılması və gələcək elmi tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.