01 iyul 2026 01:52
84

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Alyona Əliyeva tədbirdə iştirak edib.

Mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.

Direktor qeyd edib ki, bu sərgi dili, tarixi, sənəti və təhsili bir araya gətirərək, minillik mədəni irsin müasir nəsillərə çatdırılmasına xidmət edir. “Ekspozisiya ziyarətçilərə “Divanü lüğat-it-türk”ün daşıdığı zəngin mənəvi və mədəni dəyərlərə yeni baxış bucağından yanaşmaq, sözün min ildən artıq bir dövrdə dəyərə, dəyərin əmələ, əməlin isə mədəni davamlılığa çevrilməsi prosesini izləmək imkanı yaradır. Türkiyə Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Olğunlaşma İnstitutları tərəfindən hazırlanan sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri hesab olunan “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını təqdim edir”, - deyə Ə.Məlikova vurğulayıb.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov sərginin türk dilinin tarixi inkişafını və zənginliyini nümayiş etdirən əlamətdar mədəni hadisə olduğunu bildirərək deyib: “Dil daim inkişaf edən canlı sistemdir və Azərbaycan dili də müasir türk dilləri ilə qarşılıqlı əlaqə nəticəsində zənginləşməkdə davam edir. “Divanü lüğat-it-türk” türk dillərinin zənginliyini əks etdirən ən qiymətli mənbələrdən biridir”.

Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan vurğulayıb ki, sərgi ortaq türk mədəni irsinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. O, tədbirin məhz Milli Xalça Muzeyində keçirilməsini xüsusi dəyər kimi qiymətləndirib.

Türk Dil Qurumunun keçmiş sədri professor Şükrü Haluk Akalın diqqətə çatdırıb ki, ekspozisiyada nümayiş etdirilən əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və zəngin mədəni irsdən ilhamlanaraq hazırlanıb.

“Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətlərinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında müasir bədii üslubda yenidən işlənib. Sərgidə, həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları, kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri nümayiş etdirilir. Bu eksponatlar türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ziyarətçilərə çatdırır”, - deyə Şükrü Haluk Akalın əlavə edib.

Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin layihə üzrə mütəxəssisi Dilay Nakış Azərbaycanda keçirilən bu layihədə iştirak etməkdən qürur duyduqlarını bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Divanü lüğat-it-türk”ün türk dünyasının ortaq dil və mədəniyyət xəzinəsi olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının aşıqlar dəstəsi musiqi nömrəsi ilə çıxış edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi iyulun 13-dək davam edəcək.