01 iyul 2026 15:37
99

BDU-nun Fizika fakültəsində 4 yeni ixtisaslaşma açılacaq

2026/2027-ci tədris ilindən etibarən Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “Mikroelektronika və nanoelektronika”, “Fotonika və optika”, “Plazma fizikası və texnologiyası” və “Polimerlər fizikası” ixtisaslaşmaları üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, müasir dövrdə mikroelektronika, fotonika, plazma texnologiyaları, materialşünaslıq və digər yüksək texnologiya sahələrinin sürətli inkişafı, innovativ istehsalın genişlənməsi və elmi-tədqiqat fəaliyyətinin intensivləşməsi bu istiqamətlər üzrə peşəkar mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan BDU-nun Fizika fakültəsində yeni ixtisaslaşmaların açılması həm ölkənin elmi potensialının gücləndirilməsi, həm də əmək bazarının müasir tələblərinə cavab verən kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

“Mikroelektronika və nanoelektronika” ixtisaslaşması yarımkeçirici materiallar, mikro- və nanoölçülü elektron qurğuların fiziki əsasları, inteqral sxemlər texnologiyası, nanomateriallar və sensor sistemləri üzrə nəzəri və praktik biliklərin formalaşdırılmasına yönəlib. Magistrantlar müasir laboratoriyalarda elmi-tədqiqat aparmaq, elektron qurğuların layihələndirilməsi və xarakteristikalarının öyrənilməsi üzrə peşəkar bacarıqlar əldə edəcəklər.

“Fotonika və optika” ixtisaslaşması işıq hadisələrinin və fotonik sistemlərin fiziki əsaslarını, lazer fizikası, kvant və qeyri-xətti optika, lifli optika, optoelektronika, nanofotonika və spektroskopiya istiqamətlərini əhatə edir. Təhsil proqramı çərçivəsində tələbələr müasir optik və fotonik texnologiyalarla işləmək, eksperimental tədqiqatlar aparmaq və innovativ layihələrdə iştirak etmək imkanı qazanacaqlar.

“Plazma fizikası və texnologiyası” ixtisaslaşması müxtəlif plazma mühitlərinin yaradılması, idarə olunması və tətbiqi sahəsində nəzəri və praktik hazırlığı nəzərdə tutur. Magistrantlar plazma sistemlərinin fiziki xüsusiyyətləri, elektron və ion prosesləri, plazma parametrlərinin müəyyənləşdirilməsi metodları və müasir plazma texnologiyaları üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

“Polimerlər fizikası” ixtisaslaşması isə polimer materialların quruluşu və fiziki xassələri, kompozit və nanokompozit materiallar, funksional materiallar və onların müasir tətbiq sahələrinin öyrənilməsinə yönəlib. Təhsil müddətində tələbələr polimer materialların tədqiqi, xarakteristikalarının müəyyənləşdirilməsi və innovativ materialların hazırlanması istiqamətində praktik təcrübə qazanacaqlar.

Tədris prosesində magistrantlara müasir laboratoriya avadanlıqları ilə işləmək, eksperimental tədqiqatlar aparmaq, elmi metodlardan istifadə etmək və beynəlxalq elmi təcrübəyə əsaslanan innovativ yanaşmaları mənimsəmək imkanı yaradılacaq.

Yeni ixtisaslaşmalar üzrə məzunlar elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, elektronika və yarımkeçirici sənayesi müəssisələri, yüksək texnologiyalar parkları,  telekommunikasiya və informasiya texnologiyaları sektoru, optika və materialşünaslıq sənayesi, neft-kimya müəssisələri, innovasiya mərkəzləri, eləcə də digər dövlət və özəl qurumlarda peşəkar fəaliyyət göstərə biləcəklər.

Fizika fakültəsində yeni ixtisaslaşmalar üzrə magistr hazırlığı ölkədə yüksək texnologiyaların inkişafına, innovativ elmi tədqiqatların genişləndirilməsinə, sənayenin müasir tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasına və beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.