Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 2026/2027-ci tədris ilindən etibarən magistratura səviyyəsində “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə “İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar” ixtisaslaşması açılacaq.
“İki sahil” xəbər verir ki, müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsi, tədqiqat nəticələrinin monitorinqi, elmi məhsuldarlığın ölçülməsi və elmi siyasətin formalaşdırılması proseslərində bibliometrik və elmmetrik texnologiyaların əhəmiyyəti sürətlə artır. Ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, akademik kitabxanalar və informasiya mərkəzlərində bu sahə üzrə peşəkar mütəxəssislərə artan tələbat yeni ixtisaslaşmanın yaradılmasını zəruri edib.
Yeni ixtisaslaşmanın əsas məqsədi elmi informasiya analitikası sahəsində müasir bilik və bacarıqlara malik, bibliometrik və elmmetrik təhlilləri həyata keçirə bilən, elmi fəaliyyətin qiymətləndirilməsi və elmi siyasətin formalaşdırılması proseslərinə töhfə verəcək yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Tədris müddətində tələbələr bibliometriya, elmmetriya, informetriya, vebometriya, elmi kommunikasiya sistemləri, elmi nəşrlərin analizi, sitat indeksləri, beynəlxalq elmi məlumat bazaları, tədqiqat fəaliyyətinin qiymətləndirilməsi metodları, elmi məlumatların analitik emalı və vizuallaşdırılması istiqamətləri üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
İxtisaslaşma çərçivəsində “Bibliometriyanın nəzəri əsasları”, “Elmmetrik göstəricilərin təhlili”, “Beynəlxalq elmi informasiya sistemləri və məlumat bazaları (“Scopus”, “Web of Science” və s.)”, “Elmi fəaliyyətin qiymətləndirilməsi metodları”, “Elmi kommunikasiya və açıq elm”, “Məlumatların statistik təhlili və vizuallaşdırılması”, “Rəqəmsal informasiya texnologiyaları” və digər müasir fənlərin tədrisi nəzərdə tutulur.
İxtisaslaşmanın məzunları ali təhsil müəssisələrində, akademik və elmi kitabxanalarda, elmi-tədqiqat institutlarında, dövlət idarəetmə orqanlarında, elm və innovasiya mərkəzlərində, nəşriyyatlarda, informasiya-analitika qurumlarında, eləcə də elmi məlumat bazaları və tədqiqat analitikası ilə məşğul olan təşkilatlarda fəaliyyət göstərə biləcəklər. Onlar elmi məhsuldarlığın qiymətləndirilməsi, tədqiqat nəticələrinin monitorinqi, elmi hesabatların hazırlanması, reytinq sistemlərinin tətbiqi və elmi informasiya analitikası sahələrində peşəkar fəaliyyət göstərmək imkanına malik olacaqlar.
Yeni ixtisaslaşmanın yaradılması ölkədə elm və təhsilin inkişafına, elmi informasiya infrastrukturunun gücləndirilməsinə, eləcə də Azərbaycanın beynəlxalq elmi məkanla inteqrasiyasının genişləndirilməsinə mühüm töhfə verəcək.