01 iyul 2026 17:35
101

Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarının rəhbər və professor-müəllim heyəti, eləcə də həmin təhsil müəssisələrində keçirilən "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri Azərbaycanda səfərdədir.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin hərbi təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi hərbi qulluqçuların peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor B.Aktaş qarşılıqlı etimad və dostluğa söykənən münasibətlərin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin vacibliyini qeyd edib.

Görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub.

Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.