01 iyul 2026 18:21
125

Türk dünyası ailəsi əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır

Dövlətimizin başçısı İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində onu da qeyd etdi ki, biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlandı.  İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşib.

Dövlətimizin başçısı İlham Əliyevin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına  müraciətində vurğuladığı kimi, Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və Türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.

Şübhəsiz, 100 illik dövrün reallıqlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Gerçəklik budur ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu amallarına sadiq qaldığını atdığı davamlı addımları ilə təsdiqləyəcək.  Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki,  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir: «Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.»

Azərbaycanın xarici siyasətində Türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dünya daim  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində tapır. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdir ki,  artıq otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.

Dünyanın enerji və nəqliyyat xəritələrini yeniləyən qlobal layihələrin reallaşması ilə Türkiyə-Azərbaycan qardaşlığı son illərdə daha da güclənir, dünyaya nümunə göstərilir, beynəlxalq səviyyədə özünü doğruldur. XXI yüzilliyin türk əsri olacağını təsdiqləyən amillər çoxdur.  Bu həqiqət İkinci Qarabağ müharibəsində bir daha təsdiqləndi. Şanlı Qələbəmizdən  sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bu həmrəyliyin bütün istiqamətlər üzrə daha da güclənməsinə bələdçilik edir. Türkdilli xalqları birləşdirən mənəvi körpü olan Türkiyə-Azərbaycan Media Platformasının yaradılması, «TurAz-Qartalı», «Sarsılmaz Qardaşlıq» kimi hərbi təlimlərdə, Bakıda və Türkiyədə keçirilən «TEKNOVEST» festifallarında hər iki qardaş ölkə təmsilçilərinin birgə iştirakları güclənən əməkdaşlığın nümunələri sırasındadır. Şanlı Qələbəmiz  regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinə, onların bir araya gətirən Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin keçirilməsinə, cənab İlham Əliyevin təşəbbüsü ilə hər il təşkilatın qeyri-rəsmi Zirvə görüşlərinin təşkilinə diqqət yetirmək kifayətdir. Çağırışlar sırasında bu məqam da xüsusi qeyd edilir ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar təqdir edilir. Cənab İlham Əliyevin  2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir.   Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir.

“Türk Dünyası Həftəsi”  bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sözügedən tədbir  yalnız tarixi bir hadisənin yubileyi deyil, eyni zamanda, ortaq dilimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin və elmi irsimizin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm platformadır. Belə  təşəbbüslər türk dövlətləri və xalqları arasında elmi, mədəni və humanitar əməkdaşlığın daha da dərinləşməsinə, ortaq kimlik və həmrəylik ruhunun güclənməsinə mühüm töhfə verəcək. Türk dünyasının birliyi və həmrəyliyi ortaq gələcəyimizin ən etibarlı təminatlarından biridir.

Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacib amildir. Türkdilli ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündə  tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsi ön plana çıxdı. Bununla da “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalandı. Sonralar bu birlik Türk Dövlətləri Təşkilatı adlandırıldı. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Bu ölkələrin münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçısı İlham Əliyev «Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” çağırışını edərək onu da bildirir ki, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Cənab İlham Əliyevin 100 illik dövrün təhlilini özündə ehtiva edən müraciətində “Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik” söyləyərək onu da əlavə edir ki,  Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır. Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.

Qeyd edək ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra  keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev  TDT-nin nüfuzunun beynəlxalq səviyyədə daha da artması üçün bütün imkanlardan istifadə olunacağını qətiyyətlə bildirərək «Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır» söyləməklə hədəfləri   müəyyənləşdirdi. Təbii ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi müasir dövrümüzdə türk birliyinin zəruriliyinə daha çox ehtiyac duyulur. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu birlik Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın görünür. Xalqımız da bu birliyin önəmli parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasına öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərini siyasi, iqtisadi, müdafiə sahəsində davam etdirir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. TDT-yə üzv ölkələr arasında inteqrasiya, birliyə xidmət edən əlaqələr gücləndirilir. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər qurumun gələcək inkişaf trayektoriyasında mayak rolunu oynayır. Ölkəmizin Türk dünyası ölkələrinin birliyinə ən önəmli töhfəsi dəyər zənciri adlandırılan Orta Dəhliz layihəsidir. Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışlarının  tam aydın olduğunu bildirən Prezident İlham Əliyev hər zaman bu əminliyi ifadə edir ki,  bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər  göstərmək lazımdır.

Yeganə Əliyeva, “İki sahil”