02 iyul 2026 12:05
91

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, “Geoekologiya” geologiya elminin müasir və aktual istiqamətlərindən biri olmaqla litosfer, biosfer, hidrosfer və atmosfer arasında qarşılıqlı əlaqələrin öyrənilməsi, geoloji mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi, təbii və antropogen amillərin geosistemlərə təsirinin müəyyənləşdirilməsi ilə məşğul olur. Bu istiqamət Yerin xarici geosferlərinin geoloji və ekoloji xüsusiyyətlərini araşdırmaqla yanaşı, onun dərin qatlarında baş verən geodinamik proseslərin ətraf mühitə təsirlərini də öyrənir.
Yeni ixtisaslaşmanın əsas məqsədi magistrantlara geoloji mühitin ekoloji xüsusiyyətləri, təbii ekosistemlərin quruluşu və fəaliyyəti, geosistemlərin dayanıqlı inkişaf prinsipləri barədə fundamental nəzəri biliklər vermək, müasir tədqiqat metodlarından istifadə etməklə ətraf mühitin vəziyyətini qiymətləndirən və ekoloji problemlərin həllinə elmi-praktiki yanaşmalar təqdim edə bilən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Tədris prosesində torpaq, yeraltı və yerüstü sular, atmosfer havası və geoloji mühitin digər komponentlərinin ekoloji vəziyyətinin və ekoloji risklərin qiymətləndirilməsi, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi, geokimyəvi dəyişikliklərin təhlili üzrə nəzəri və praktiki biliklər veriləcək. Magistrantlar ətraf mühitin monitorinqi, geoloji və ekoloji məlumatların toplanması, emalı və interpretasiyası, müasir laborator və instrumental analiz üsullarının tətbiqi sahəsində peşəkar bacarıqlara yiyələnəcəklər.
İxtisaslaşma çərçivəsində sənaye, kənd təsərrüfatı, şəhərsalma, mədənçilik və digər təsərrüfat fəaliyyətlərinin geoloji mühitə təsiri, faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istismarı zamanı yaranan ekoloji problemlər, landşaft dəyişiklikləri, torpaq deqradasiyası, su ehtiyatlarının çirklənməsi, tullantıların idarə olunması və ekoloji təhlükəsizlik tədbirləri geniş şəkildə öyrəniləcək.
Bununla yanaşı, tədris prosesində müasir coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama məlumatları, ekoloji xəritələşdirmə, geoloji-ekoloji modelləşdirmə və proqnozlaşdırma üsullarından geniş istifadə olunacaq. Magistrantlar bu metodlar vasitəsilə ətraf mühitin mövcud vəziyyətini qiymətləndirməyi, antropogen təsirlərin nəticələrini proqnozlaşdırmağı və elmi əsaslandırılmış idarəetmə qərarları hazırlamağı öyrənəcəklər.
İxtisaslaşma üzrə tədris proqramına “Elmi tədqiqat metodologiyası”, “Akademik yazı və elmi kommunikasiya”, “Ümumi geoekologiya”, “Litosferin geoekoloji əsasları”, “Geoekoloji ekspertiza və monitorinq”, “Azərbaycanın geoekoloji şəraiti”, “Geoekoloji qiymətləndirmənin nəzəri əsasları və metodologiyası”, “Təbii sərvətlərin geoekoloji mühafizəsi”, “Axtarış-kəşfiyyat işlərinin geoekologiyası”, “Geoekologiya və təbiətdən istifadə”, “Hidrogeoekologiya”, “Mühəndis geoekologiyası”, “Ekologiya və təbiətdən istifadə”, “Sənaye sahəsində texnosfer təhlükəsizliyi”, “Təbii ehtiyatların ekoloji idarə olunması” və “Faydalı qazıntıların hasilatının ekoloji problemləri” kimi fənlər daxildir.
“Geoekologiya” ixtisaslaşmasının məzunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələrində, geologiya və faydalı qazıntılar üzrə müəssisələrdə, SOCAR və digər neft-qaz şirkətlərinin ekoloji xidmətlərində, ekoloji konsaltinq şirkətlərində, ətraf mühit monitorinqi mərkəzləri, elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, eləcə də beynəlxalq ekoloji layihələr və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərə biləcəklər.
Yeni ixtisaslaşmanın açılması ölkədə geoloji mühitin ekoloji təhlükəsizliyinin təmin olunması, təbii ehtiyatlardan dayanıqlı istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.