02 iyul 2026 19:23
26

Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib

Audiovizual media subyektlərinin reklam sahəsində hüquqi məlumatlılığının artırılması məqsədilə keçirilən birgə tədbirdə reklam qanunvericiliyinin tələbləri, rəqəmsal platformalarda reklamın hüquqi tənzimlənməsi və bazarda sağlam rəqabətin təmin olunması məsələləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin nümayəndələri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib.

Ölkənin əsas televiziya və radio yayımçıları nümayəndələrinin qatıldığı seminar reklam fəaliyyətinin qanunamüvafiq qaydada təşkilinin təşviq edilməsi və bu sahədə rast gəlinən pozuntu halları ilə bağlı preventiv tədbirlərin müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə Agentliyin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, eləcə də Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov çıxış edib. Çıxışlar zamanı rəqəmsal platformalarda reklamın hüquqi tənzimlənməsi və reklam bazarında sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən bəhs edilib.

Daha sonra Agentliyin əməkdaşı Röyal Rəhimov "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri, haqsız, qeyri-dəqiq və gizli reklamın əlamətləri, reklamı qadağan olunan məhsullar, habelə reklam qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərinə dair təqdimatla çıxış edib.

Seminar müvafiq sahədə praktiki məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Agentlik reklam subyektlərinin hüquqi məlumatlılığının artırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirəcək.