02 iyul 2026 21:21
126

Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib

Tədbirdə uyğunluğu qiymətləndirən inspeksiya orqanlarına “E-keyfiyyət.gov.az” sistemi üzərindən göstərilən xidmətlər, sistemdən istifadə qaydaları və qanunvericiliyin tələbləri barədə məlumat verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində uyğunluğu qiymətləndirən 30 inspeksiya orqanı nümayəndələrinin iştirakı ilə Keyfiyyət informasiya sistemi (e-keyfiyyət.gov.az) üzərindən göstərilən xidmətlərə dair maarifləndirici tədbir keçirilib.

Görüşdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki,  akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən inspeksiya orqanları tərəfindən inspeksiya fəaliyyətinin yerinə yetirilməsi nəticələrinin rəsmiləşdirilməsi “E-keyfiyyət.gov.az” portalı vasitəsilə həyata keçirilməlidir.

Tədbirdə həmin şöbənin sektor müdiri Bəhruz Baxşəliyev sözügedən informasiya sistemi vasitəsilə yaradılmış və rəsmiləşdirilmiş sənədlər, uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumlar, eləcə də müvafiq sahədə Agentlik tərəfindən həyata keçirilmiş tədbirlərə dair statistik məlumatları əks etdirən təqdimatla çıxış edib.

Görüş çərçivəsində həmçinin inspeksiya orqanlarının asan imza və ya elektron imzadan istifadə etməklə sifarişçilərə təqdim olunan müvafiq rəyləri elektron qaydada yaratmasının üstünlükləri, eləcə də QR kodla təsdiqlənən sənədlərin operativ yoxlanılması ilə etibarlılığın təmin edilməsi imkanları diqqətə çatdırılıb. Vurğulanıb ki, uyğunluğun qiymətləndirilməsi sahəsində rəqəmsallaşdırmanın gücləndirilməsi qanunvericiliyin tələblərinə əməl olunmasına, risklərin minimuma endirilməsinə və xidmət dayanıqlılığına töhfə verəcək.

Sonda maraqlı tərəflərin informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təklifləri dinlənilib və iştirakçıların sualları cavablandırılıb.