03 iyul 2026 16:53
108

Dövlət Əmək Müfəttişliyi Xidməti bir qrup işəgötürən üçün Laçındakı iki müəssisəyə infotur təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir qrup işəgötürən üçün Laçın rayonundakı "Zerti Aqro-Sənaye Parkı"nda yerləşən Heyvandarlıq Seleksiya Mərkəzinə və "LATIFA" Laçın tikiş fabrikinə infotur təşkil edib.

“İki sahil” xəbər verir ki, infotur hər iki müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün görülmüş işlər barədə iştirakçıların əyani tanış olmaları, işğaldan azad edilmiş ərazilərdəki iş yerlərində əməyin mühafizəsi qaydalarının tətbiqi və bu sahədə tətbiq olunan qabaqcıl təcrübə ilə bağlı maarifləndirmə məqsədi daşıyıb. Qeyd edilən müəssisələrdə əməyin mühafizəsinin idarə olunması sistemi, iş yerlərində risklərin qiymətləndirilməsi, fərdi mühafizə vasitələrinin tətbiqi, yeni dövlət standartlarının icrası və s. barədə infotur iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Xidmət işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi və əmək hüquqlarına dair ardıcıl maarifləndirmə tədbirləri həyata keçirir. Bu tədbirlərdə əmək  müqavilələrinin qanunvericiliyə uyğun bağlanması, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, eləcə də mina təhlükəsizliyi qaydaları ilə bağlı ətraflı məlumatlar verilir.