Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin fevral ayında keçirilən müşavirədə qəbul olunmuş mühüm qərarlar ölkəmizin rəqəmsal inkişaf tempini yeni və keyfiyyətcə daha yüksək mərhələyə daşımışdır. Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi rəsmi Bakının rəqəmsal gələcəyi sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan konseptual əsaslarla qurduğunu nümayiş etdirir. Bu irimiqyaslı prosesdə xüsusi diqqətçəkən və strateji əhəmiyyət kəsb edən məqam Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsidir. Rəqəmsal transformasiya fərdi olaraq bir nazirliyin və ya konkret dövlət qurumunun fəaliyyət çərçivəsinə sığmayan, institusional xarakter daşıyan qlobal bir hərəkatdır.
Bu proses dövlət idarəçiliyinin optimallaşdırılmasını, iqtisadiyyatın şaxələndirilməsini və rəqəmsallaşdırılmasını, təhsil, səhiyyə və sosial xidmətlərin müasir standartlara uyğunlaşdırılmasını, bütövlükdə isə cəmiyyətin bütün sferalarının yenilənməsini əhatə edən kompleks islahatdır. Belə genişmiqyaslı və multisektoral islahatların vahid mərkəzdən koordinasiya olunması, qurumlararası bürokratiyanın aradan qaldırılması və strateji qərarların operativ icrası baxımından Şuraya ən yüksək siyasi səviyyədə rəhbərlik edilməsi tamamilə məntiqli və uzaqgörən bir addımdır. Bu addım dövlət başçısının rəqəmsal inkişafı Azərbaycanın gələcək milli inkişaf modelinin əsas hərəkətverici qüvvəsi və sarsılmaz prioritetlərindən biri kimi müəyyənləşdirdiyini növbəti dəfə təsdiq edir. Yaxın illəri əhatə edən fəaliyyət planı ölkəmizin həm regionda innovasiya mərkəzinə çevrilməsinə, həm də rəqəmsal suverenliyinin gücləndirilməsinə xidmət edəcəkdir.
Artıq qısa müddət ərzində görülən işlər və əldə olunan statistik göstəricilər bu strateji yanaşmanın real və səmərəli nəticələr verdiyini əyani şəkildə nümayiş etdirir. Ölkəmizdə rəqəmsal dövlət modelinin əsas sütununa çevrilən “mygov” platformasının imkanlarının sürətlə genişləndirilməsi dövlət-vətəndaş münasibətlərində yeni bir eradır. Müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemdə inteqrasiyası, vətəndaş–məmur təmasının minimuma endirilməsi və proaktiv dövlət xidmətlərinin tətbiqi idarəçilikdə şəffaflığı ən yüksək səviyyəyə qaldırıb. Xüsusilə, bürokratik maneələri tamamilə sıfırlayan “Yalnız bir dəfə” (Once Only) prinsipinin həyata keçirilməsi vətəndaşların vaxtına və resurslarına qənaət edir. Təsadüfi deyil ki, cəmi üç ay kimi qısa bir müddətdə “mygov” istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi cəmiyyətin bu yeniliklərə olan yüksək etimadını və real tələbatını aydın şəkildə ortaya qoyur.
Həyata keçirilən Fəaliyyət Planının ən mühüm üstünlüklərindən biri rəqəmsallaşmaya sadəcə texniki alət kimi deyil, fundamental bir idarəetmə fəlsəfəsi kimi yanaşılmasıdır. Bu fəlsəfənin əsasında isə dövlət məlumat hövzəsinin yaradılması, məlumatların vahid standartlarla idarə olunması, dövlət qurumları arasında təhlükəsiz və sürətli data mübadiləsinin təmini, süni intellekt və böyük məlumat analitikası, vətəndaşların ehtiyaclarının öncədən proqnozlaşdırılması və fərdiləşdirilmiş xidmətlərin göstərilməsi dayanır.
Müasir dünyada rəqəmsal inkişafı kibertəhlükəsizlik olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan, dövlətin strateji baxışını əks etdirən islahatlar ölkəmizin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə yönəlib. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və SOC mərkəzlərinin fəaliyyətinin qurulması, həmçinin kritik informasiya infrastrukturunun mühafizəsi ilə bağlı yeni hüquqi mexanizmlərin tətbiqi bu yolda atılan həlledici addımlardır. Süni intellektə əsaslanan kibermüdafiə sistemlərinin formalaşdırılması bir daha sübut edir ki, rəqəmsallaşma yalnız etibarlı təhlükəsizlik mühitində dayanıqlı inkişaf modelinə çevrilə bilər.
Rəqəmsal transformasiyanın ən mühüm istiqamətlərindən biri gələcəyin insan kapitalına qoyulan investisiyadır. Təhsil sistemində aparılan islahatlar təkcə məktəblərin texnoloji təchizatı ilə məhdudlaşmır; burada əsas məqsəd rəqəmsal düşüncəyə malik yeni nəslin yetişdirilməsidir. Bu kontekstdə təhsil müəssisələrinin təhlükəsiz internet və yüz minlərlə müasir kompüterlə təmin edilməsi, “rəqəmsal məktəb” platformasının miqyasının genişləndirilməsi, “rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin uğurlu icrası ölkənin intellektual potensialını gücləndirir. Bütün bu tədbirlər göstərir ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” pərakəndə layihələrin məcmusu deyil. Bu plan — dövlət idarəçiliyinden iqtisadiyyata, təhsildən süni intellekt və kibertəhlükəsizliyə qədər bütün sferaları birləşdirən vahid milli inkişaf strategiyasıdır. Strategiyanın yüksək siyasi səviyyədə əlaqələndirilməsi, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müvafiq Şuranın fəaliyyətə başlaması, islahatların sistemli, çevik və nəticəyönümlü idarə edilməsini təmin edən mühüm institusional zəmanətdir.
Beləliklə, bu gün reallaşdırılan strateji kurs yalnız cari dövrün tələblərini qarşılamır. Bu addımlar Azərbaycanın gələcək onilliklərdə rəqabətədavamlı iqtisadiyyata, müasir idarəçilik sisteminə və qabaqcıl rəqəmsal cəmiyyətə malik güclü bir dövlət olaraq mövqeyini uzunmüddətli perspektivdə təmin edir.
Anar Məmmədov,
Milli Məclisin deputatı
Rəqəmsal texnologiyalar dövründə Azərbaycan: strateji prioritetlər və yeni hədəflər
Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir