İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının nəticələri, eləcə də "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlər barədə təqdimat olunub.
Bildirilib ki, Fəaliyyət Planı ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiya əsaslı iqtisadiyyatın inkişafı və rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirləri özündə ehtiva edir.
Təqdimatlarda rəqəmsallaşma istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət xidmətlərinin vahid "mygov" və "mygov Biznes" platformalarında cəmləşdirilməsi, ayrı-ayrı dövlət qurumlarının xidmətlərinin mərhələli şəkildə inteqrasiyası, rəqəmsal olmayan xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin genişləndirilməsi və "yalnız bir dəfə" prinsipinin tətbiqi istiqamətində işlər davam etdirilir. Bildirilib ki, bu yanaşma vətəndaş və biznes üçün dövlət xidmətlərinə çıxışı daha sürətli, rahat və şəffaf etməyi hədəfləyir.
Görüş zamanı dövlət məlumat hövzəsinin (Data Lake) yaradılması, dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, fərdiləşdirilmiş və proaktiv dövlət xidmətlərinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Dövlət xidmətlərinin daha səmərəli və vətəndaşyönümlü şəkildə təqdim olunmasına xidmət edən rəqəmsal həllər təqdim edilib.
Eyni zamanda süni intellektin dövlət idarəçiliyində tətbiqi, "mygov" platformasında süni intellekt əsaslı həllərin inkişafı, milli hesablama infrastrukturunun və tənzimləyici test mühitinin (Regulatory Sandbox) yaradılması, həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, startapların və texnologiya şirkətlərinin dəstəklənməsi, İKT ixracının artırılması və rəqəmsal inkişafı dəstəkləyən qanunvericilik islahatları barədə məlumat verilib.
İctimai Şura üzvləri təqdim olunan istiqamətlər üzrə müzakirələrdə iştirak edərək aktual məsələlərə dair suallarını səsləndirib, fikir və təkliflərini bölüşüblər. Çıxışlarda rəqəmsallaşma prosesində ictimai iştirakçılığın rolu, rəqəmsal xidmətlərin əlçatanlığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması, dövlət–biznes–vətəndaş əməkdaşlığının inkişafı və digər istiqamətlər üzrə təkliflər irəli sürülüb. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı müxtəlif yanaşmalar və əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün sonunda gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.