06 iyul 2026 20:50
138

Aynel Məşədiyeva Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təltif edilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva türkologiyanın inkişafına verdiyi sanballı elmi töhfələrə, Türkoloji Qurultayın elmi irsinin təbliği və yaşadılması istiqamətindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təltif olunub.

“İki sahil” xəbər verir ki, Aynel Məşədiyeva 7 monoqrafiyanın, 200-dən çox elmi və elmi-publisistik məqalənin müəllifidir. Onun 40-dan çox elmi məqaləsi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Alim Türkiyə, Polşa, Rumıniya, Almaniya, Kanada, Gürcüstan və digər ölkələrdə keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan elmini uğurla təmsil edib. O, eyni zamanda, bir sıra elmi jurnalların redaksiya heyətlərinin üzvü, kitab və monoqrafiyaların elmi redaktoru və rəyçisidir. Elmi və ictimai fəaliyyətinə görə müxtəlif fəxri fərmanlar və mükafatlarla təltif olunub. Bu yüksək təltif alimin Azərbaycan dilçilik və türkologiya elminin inkişafına verdiyi töhfələrin növbəti dəfə yüksək qiymətləndirilməsinin ifadəsidir.