07 iyul 2026 12:53
91

Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur

Prezident İlham Əliyev təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük nüfuza malik siyasi liderdir. İstər Avropa İttifaqının rəhbərliyi, istər Amerika Birləşmiş Ştatlarının Prezidenti, istər Türk dünyasının liderləri, istərsə də digər beynəlxalq təşkilatlar və dövlət başçıları tərəfindən Prezident İlham Əliyev dünyanın ən güclü və nüfuzlu liderlərindən biri kimi qəbul olunur. Bu, onun artıq beynəlxalq münasibətlər sistemində və qlobal geosiyasi gündəliyin formalaşdırılmasında fəal iştirak etdiyini göstərir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

“Bu gün regionla bağlı mühüm geosiyasi layihələrin reallaşdırılmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsi, Cənubi Qafqaz, Böyük Avrasiya məkanı, eləcə də Mərkəzi Asiyadan başlayaraq Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanan Orta Dəhlizin formalaşdırılması kimi strateji layihələrdə Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xətt və geosiyasi baxışlar mühüm rol oynayır. Dünya liderləri bu məsələlərdə Azərbaycan Prezidenti ilə sıx məsləhətləşmələr aparır və regionun gələcəyi ilə bağlı qəbul olunan qərarlarda Bakının mövqeyini nəzərə alırlar", – deyə o qeyd edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin yüksək ictimai dəstəyə malik olmasının əsas səbəblərindən biri də Azərbaycanın son illərdə qazandığı tarixi Zəfərdir.

"2020-ci ildə başlayan Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə başa çatması, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevi Azərbaycan tarixində xüsusi yerə yüksəldib. Məhz bu amillər Prezident İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzunu şərtləndirən əsas faktorlardandır. Azərbaycan ərazi və əhali baxımından böyük dövlət olmasa da, həyata keçirdiyi siyasətlə artıq regional orta güc statusunu qazanıb.

Azərbaycanın siyasi çəkisi və təsir imkanları artıq ölkənin coğrafi sərhədlərini aşır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində regional orta güc kimi qəbul edilir. Bu gün ölkəmizin siyasi, iqtisadi və diplomatik təsir imkanları onun coğrafi ölçülərindən qat-qat böyükdür və biz bunun real nəticələrini müşahidə edirik", – deyə deputat qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarda qazandığı uğurlar da Prezident İlham Əliyevin liderliyinə göstərilən beynəlxalq etimadın göstəricisidir.

"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, COP29-a ev sahibliyi etməsi, Dünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə keçirilməsi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycana həvalə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və dövlət başçısına beynəlxalq səviyyədə göstərilən yüksək etimadın bariz nümunələridir", – deyə Tural Gəncəliyev bildirib.

Milli Məclisin deputatı sonda əlavə edib ki, müasir dünyada dövlətlərin uğuru ilk növbədə onların liderlərinin gücü və siyasi iradəsi ilə müəyyən olunur: "Böyük əraziyə və zəngin resurslara malik olan ölkələr belə zəif liderlik şəraitində uğur qazana bilmirlər. Azərbaycan isə böyük dövlət olmasa da, müdrik və uzaqgörən lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çağırışlara sinə gələrək mühüm uğurlar əldə edib və beynəlxalq aləmdə öz layiqli yerini tutub".