07 iyul 2026 13:39
125

YAP Masallı rayon təşkilatı Təzəkənd kəndində partiya fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Partiya fəalları” layihəsi çərçivəsində Təzəkənd ərazi partiya təşkilatında fəallarla görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş iştirakçıları ilk öncə ərazidə yerləşən şəhidlər abidəsini ziyarət edərək, qəhrəmanlarımızın xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla həyata keçirilir.

Sədr öz çıxışında vurğulayıb ki, Ümummilli Liderin ən böyüş arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu gün Prezident İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa edib. Qazanılan bu tarixi Zəfər Ulu Öndərin siyasi kursunun ən böyük təntənəsidir və hər bir partiya üzvü bu reallıqların təbliğində ön sıralarda addımlamalıdır.

Daha sonra Təzəkənd ərazi partiya təşkilatının sədri Səfər Əliyev, partiya fəallarından İzzət Əliyev, Bahadır Tahirov, Qardaş Tağıyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıblar.

Görüşdə çıxış edənlər Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, ordumuzun rəşadətinin və xalq-dövlət birliyinin parlaq nümunəsi olduğunu xüsusi qeyd ediblər.