07 iyul 2026 18:04
93

Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur

Son sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir. Dövlətimizin başçısına böyük etimadı şərtləndirən amillər müdrik və uzaqgörən siyasət yürütməsi, Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutması, milli maraqlarımızı qətiyyətlə və prinsipiallıqla müdafiə etməsi, öz gücünü xalqdan alması, ona güvənməsi,  xalqın iradəsini ifadə etməsi və xalqın ona olan sonsuz etimadı, qətiyyətli Lider xüsusiyyətləri,  güclü Lider kimi həm ölkəmizdə, həm də dünyada böyük nüfuz sahibi olmasıdır. Eyni zamanda,  Azərbaycanın hərtərəfli inkişafı, güclü iqtisadiyyata, orduya malik, özü-özünü təmin edən ölkəyə çevrilməsi, Cənubi Qafqazın aparıcı dövləti, qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxalq nüfuza malik olması, Vətən müharibəsində tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi, dünyada münaqişələrin, qarşıdurmaların daha da artdığı bir dövrdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin yüksık səviyyədə təmin olunması və sairdir.

Qeyd etdiyimiz amillərin fonunda bu reallıq bir daha təsdiqlənir ki, hər bir ölkənin inkişafında, sabaha böyük inamla addımlamasında Lider amili  və onun müəyyənləşdirdiyi düzgün siyasət, inkişaf strategiyası dayanır. Məsələyə məhz bu kontekstdən yanaşdıqda Azərbaycanın xoşbəxt ölkələr sırasında yer almasını aydın şəkildə görmək mümkündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu mühüm uğurlarla, zəfərlərlə xarakterizə olunur. Düşünülmüş və gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi varlığını, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi, ədalətin, beynəlxalq hüququn yanında olduğunu qətiyyətli mövqeyi, müstəqil siyasəti ilə sübut etdi və bu inamı hər zaman ifadə etdi ki, ədalət gec-tez zəfər çalacaq. Bu gün Azərbaycan qazandığı zəfərlərlə, onun yaratdığı reallıqlarla dünyanın diqqət mərkəzindədir.  Yeni dünya nizamının formalaşdığı, həmçinin  yeni iqtisadi və sosial çağırışların, texnoloji gündəliyin, iqlim dəyişmələrinin yaratdığı problemlərin, dünyanın xarici siyasət gündəliyinin və sair kimi biri-birindən mühüm məsələlərin Azərbaycanda müzakirə edildiyi bir zamanda ölkəmizin  mövqeyinə, yanaşmalarına xüsusi önəm verilməsi Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modelinin təqdimatıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin  sistemli və ardıcıl strateji kursu ölkəmizin hərtərəfli inkişafını təmin edir.  İnsan amilinə, vətəndaş məmnunluğunun təmin edilməsinə verilən önəm  Prezident-xalq birliyinin, həmrəyliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu reallığı hər zaman böyük qürur hissi ilə, əminliklə qeyd edirik ki, əgər Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirərək Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub daimi və sarsılmaz etmişdirsə, Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirdi,  ölkəmizi regionun lider dövlətinə çevirdi, Azərbaycanın dünya siyasətində rolunu və mövqeyini möhkəmləndirdi, adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazdırdı. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası  son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin  gördüyü nəhəng işlərin təqdimatıdır. Cənab İlham Əliyevin  Prezident kimi jurnalistlərə ilk müsahibəsində ona ünvanlanan  “Sizcə,  Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapir. Belə ki, dövlətimizin başçısı cavabında qeyd etmişdi ki, həm asan, həm də çətin. Asan o mənada ki,  artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin  çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə  belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram.  Bu əminliyi də ifadə etmişdi ki, Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir vədinin əməldə öz təsdiqini tapması ötən illərin reallıqlarıdır. Son 22 ildən artıq dövrdə ölkədə keçirilən 2008, 2013, 2018 və 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi  xalqın öz Prezidentinə sonsuz inamının, etimadının göstəricisidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı yeni reallıqlar fonunda  müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərasisində keçirilən 2024-cü il prezident seçkiləri dövlət başçısının 2003-2023-cü illərdə verdiyi hər bir vədinin  əməli fəaliyyəti ilə doğrultduğunun nümayişi oldu. Ümummilli Lider Heydər Əliyev  xalqa müraciət edərkən cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük inam bəslədiyini, axıra çatdıra bilmədiyi işləri Onun axıra çatdıracağına əminliyini ifadə etmişdi. Elə də oldu. Azərbaycanı bütün sahələrdə uğurla inkişaf etdirən, haqq səsimizi ən yüksək tribunalardan  bütün dünyaya bəyan edən, ordumuzu Qələbəyə hazırlayan Prezident, Ali Baş Komandan İlham Əliyevin “Nəyi necə və nə zaman etmək lazımdır bilirəm” çağırışı addım-addım hədəflərə doğru irəliləməyin və zamanında onlara nail olmağın təqdimatı, ən əsası yol xəritəsi oldu. Azərbaycan gücləndi, qüdrətləndi, torpaqlarımızı işğaldan azad etmək imkanlarına malik ordu formalaşdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və sonda tarixi Zəfərə imza atıldı. Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı, makroiqtisadi sabitlik təmin edildi, enerji diplomatiyasının uğurları fonunda  iqtisadiyyatın şaxələndirilməsinə nail olundu, həyata keçirilən Dövlət proqramları bütün bölgələrin hərtərəfli, tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açdı. Dövlət başçısının  milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslandı.

  Milli Məclisin deputatı bildirib ki, iqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu gün artıq regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan  ən mühüm üstünlüyü olan coğrafi mövqeyindən səmərəli istifadə edərək yeni körpülər qurmaqla, müasir infrastruktur layihələri icra etməklə ölkələri, xalqları birləşdirən körpü roluna yeni əlavələr edir. Prezident İlham Əliyevin  çağırışlarında bu məqam xüsusi vurğulanır ki, biz yeni körpülər qurmalıyıq.

  Şübhəsiz ki, Azərbaycanın qazandığı uğurları, Prezident İlham Əliyevin bütün sahələrin kompleks inkişafını özündə ehtiva edən inkişaf strategiyasının nailiyyətlərini, qarşıdakı dövrün hədəflərini və onlara çatmağın yollarını özündə birləşdirən Dövlət proqramlarının, Milli Prioritetlərin xronologiyasını bir yazıda əhatə etmək çətindir. Atılan hər bir addım tarixi Zəfərə, suverenliyimizin bərpasına hədəfləndi, hazırkı dövrdə isə azad edilmiş ərazilərimizin  bərpası, Böyük Qayıdış Proqramının icrası prioritetdir. Azad Qarabağda və azad Şərqi Zəngəzurda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda bu torpaqlarımız təkmil dirçəliş  modelini dünyaya təqdim edir.   Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər  tarixi hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Artıq paytaxt Bakı ilə yanaşı, azad edilmiş torpaqlarımız diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycanın COP29 iqlim konfransının ardınca Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir sahədə qazandığı təcrübənin, beynəlxalq münasibətlər sistemində artan rolunun, nüfuzunun göstəricisidir. Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Prezident İlham Əliyevin regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq miqyasda təqdir edilir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqının Liderinə sevgisi, inamı, etimadı sonsuzdur. Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi,  bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Dövlət başçısı, həmçinin bildirir ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.