09 iyul 2026 16:18
109

Zahid Oruc: Vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir

“Deepfake” texnologiyalarına qarşı cinayət məsuliyyətinin müəyyən edilməsi, kibertəhlükəsizlik institutlarının hüquqi əsaslarının gücləndirilməsi, internet informasiya ehtiyatlarında qanunsuz məzmunla mübarizənin təkmilləşdirilməsi, uşaqların rəqəmsal təhlükəsizliyinə yönələn hüquqi normalar vahid dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası isə bu siyasətin institusional dayağıdır.

“İki sahil” xəbər verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri qeyd edib ki, elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir. Azərbaycanın məqsədi rəqəmsal inkişafı hüququn aliliyi, insan hüquqlarının etibarlı müdafiəsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi prinsipləri üzərində qurmaqdır. Rəqəmsal xidmətlərin genişlənməsi ilə paralel olaraq fərdi məlumatların qorunması, süni intellektin etik tətbiqi, uşaqların rəqəmsal təhlükəsizliyi və kiberməkanda hüquqi təminatların gücləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir.