10 iyul 2026 13:47
96

Rusiyada benzin problemi: Distant iş rejiminə keçid tövsiyə olunub

Rusiyanın Novosibirsk vilayətinin hökuməti regionda fəaliyyət göstərən şirkətlərə yanacağa qənaət edilməsi məqsədilə əməkdaşlarını distant (məsafədən) iş rejiminə keçirməyi tövsiyə edib. Analoji addım Tomsk vilayətində də atılıb.

“İki sahil” xəbər verir ki,  vilayət qubernatorunun işlər üzrə müavini Olqa Krılova "RİA Tomsk" agentliyinə bildirib ki, yerli məmurlara rəsmi müşavirələri sırf onlayn formatda təşkil etmək tapşırılıb.

Novosibirsk vilayətində "Yüksək hazırlıq rejimi"nin tətbiq edilməsi barədə hökumət qərarında qeyd olunur ki, işəgötürənlər distant formata keçid zamanı "sosial-iqtisadi proseslərin və qanunvericiliyin tələblərinin pozulmasına" yol verməməlidirlər. Eyni zamanda, vilayət sakinlərinə şəxsi avtomobillərindən istifadəni maksimum dərəcədə məhdudlaşdırmaq və hər hansı bir səfər zamanı yanacaq sərfiyyatını öncədən ciddi şəkildə hesablamaq tövsiyə olunub.

Tomsk vilayətinin qubernatör müavininin verdiyi statistik məlumatlara görə, regionun dövlət orqanları ayda təxminən 15 min litr yanacaq sərf edir. Olqa Krılovanın sözlərinə görə, bələdiyyələrin əksəriyyətinin vilayət mərkəzindən xeyli uzaqda yerləşdiyini nəzərə alaraq, vəzifəli şəxslərə xidməti ezamiyyətləri daha detallı planlaşdırmaq və imkan daxilində işləri məsafədən idarə etmək tövsiyə olunub.

Rusiya Federasiyasının yanacaqdoldurma məntəqələrində (YDM) yanacaq tədarükü ilə bağlı ciddi problemlər cari ilin may ayının sonundan etibarən başlayıb. Mövcud məhdudiyyətlər və qıtlıq artıq Rusiyanın 30-dan çox regionunu əhatə edib:

İyunun sonunda Novosibirsk vilayətindəki bir neçə YDM şəbəkəsi fiziki şəxslərə yanacaq satışını tamamilə dayandırıb.