Ekspert: Bu qanunvericilik paketi Azərbaycanın rəqəmsal haba çevrilməsi yolunda tarixi islahat addımıdır
Rəqəmsal iqtisadiyyatın inkişafı son illər dünyanın əksər ölkələrində iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Süni intellekt, kibertəhlükəsizlik, bulud texnologiyaları, rəqəmsal xidmətlər və innovasiya əsaslı sahibkarlıq artıq yalnız texnologiya sektorunun deyil, bütövlükdə iqtisadi inkişafın aparıcı qüvvəsi hesab olunur. Bu baxımdan Milli Məclisdə Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə birinci oxunuşda qəbul edilən Qanun layihəsi Azərbaycanın rəqəmsal iqtisadiyyat modelinə keçidini sürətləndirəcək və bu sahənin hüquqi bazasını müasir çağırışlara uyğunlaşdıracaq mühüm addım kimi qiymətləndirilir.
Dəyişikliklərin əsas məqsədi rəqəmsal texnologiyalar və innovasiya ekosisteminin inkişafı üçün hüquqi, maliyyə və institusional mexanizmləri gücləndirmək, bu sahədə fəaliyyət göstərən sahibkarların, startapların və investorların qarşılaşdıqları maneələri aradan qaldırmaqdır. Bununla yanaşı, ilk dəfə olaraq "rəqəmsal texnologiya", "süni intellekt texnologiyası", "innovasiya məhsulu", "kibertəhlükəsizlik" və "bulud hesablama xidmətləri" kimi anlayışların qanunvericilikdə dəqiq təsbit olunması gələcək hüquqi münasibətlər üçün vahid çərçivə formalaşdırır.

Qanun layihəsində nəzərdə tutulan vergi və sosial sığorta güzəştləri rəqəmsal məhsul və proqram təminatı hazırlayan şirkətlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, ixracyönümlü rəqəmsal xidmətlərin vergidən azad edilməsi, vençur kapitalı fondlarına və startaplara yatırılan investisiyaların vergitutulan gəlirdən çıxılması, kraudfandinq vasitəsilə cəlb edilən investisiyalar üçün stimulların tətbiqi innovasiya maliyyələşməsinin yeni mərhələsini formalaşdırmağa xidmət edir. Bu mexanizmlər yerli startapların daha sürətlə böyüməsinə, yeni texnologiyaların kommersiyalaşdırılmasına və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq.
Layihənin diqqətçəkən istiqamətlərindən biri də yüksəkixtisaslı insan kapitalının ölkəyə cəlb edilməsinə yönələn təşviqlərdir. Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində çalışan xarici mütəxəssislər, eləcə də xaricdən qayıdan azərbaycanlı peşəkarlar üçün gəlir vergisinin sıfır faiz müəyyən edilməsi Azərbaycanın qlobal texnologiya bazarında rəqabət imkanlarını artırmağa hesablanıb. Bununla yanaşı, xarici şirkətlərlə məsafədən işləyən şəxslərin fəaliyyətinin daha çevik hüquqi rejimə keçirilməsi, rəqəmsal səyyahlar və frilanserlər üçün xüsusi vergi mexanizmlərinin yaradılması ölkənin beynəlxalq rəqəmsal əmək bazarına inteqrasiyasını gücləndirəcək.
Qanunvericilik paketi yalnız vergi güzəştləri ilə məhdudlaşmır. Dövlət satınalmalarında yerli innovativ məhsulların iştirak imkanlarının genişləndirilməsi, yüksək texnologiyalı avadanlıqların idxalı üçün gömrük prosedurlarının sadələşdirilməsi, qrant və subsidiyalar hesabına həyata keçirilən rəqəmsal layihələrin vergidən azad olunması, eləcə də vergi yoxlamalarının müddətinin məhdudlaşdırılması innovasiya mühitinin daha əlverişli və proqnozlaşdırılan olmasına xidmət edir. Bütün bunlar göstərir ki, qəbul olunan dəyişikliklər ayrı-ayrı sahələri deyil, bütövlükdə rəqəmsal iqtisadiyyatın inkişaf modelini əhatə edən sistemli islahat paketidir.

İKT sektoru üçün tarixi islahat paketi
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, sözügedən genişmiqyaslı dəyişikliklər paketi Azərbaycanın informasiya komminikasiya texnologiyaları (İKT) sektorunun qlobal rəqabətədavamlılığını artırmaq və ölkəni regionun rəqəmsal habına çevirmək yolunda tarixi bir islahat addımıdır. İndiyə qədər həyata keçirilən lokal və dağınıq dəstək mexanizmlərindən fərqli olaraq, bu yeni qanun layihəsi rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya fəaliyyətini vahid hüquqi-iqtisadi platformada birləşdirir. Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" Qanunda nəzərdə tutulan genişmiqyaslı güzəştlər rəqəmsal məhsul istehsal edən yerli şirkətlərin üzərindəki fiskal yükü kəskin azaldacaq, innovativ startapların ilkin mərhələdə maliyyə dayanıqlığını təmin edəcək və bu sahəyə birbaşa xarici investisiyaların cəlb olunmasını sürətləndirəcəkdir. Xüsusilə süni intellekt əsaslı həllərin və kibertəhlükəsizlik proqram təminatlarının hazırlanması ilə məşğul olan yerli mütəxəssislərin gəlir vergisi və sosial sığorta haqlarından azad edilməsi və ya güzəştlərin tətbiqi, sahə üzrə yüksəkixtisaslı kadrların ölkədə qalmasını (beyin axınının qarşısının alınmasını) və rəqəmsal ekosistemin kütləvi şəkildə böyüməsini stimullaşdıracaqdır.
Vergi güzəştləri rəqəmsal ekosistemi necə dəyişəcək?
Ekspert qeyd etdi ki, digər tərəfdən, "Dövlət satınalmaları haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Gömrük tarifi haqqında" qanunlara təklif edilən dəyişikliklər yerli innovativ həllərin birbaşa daxili bazarda kommersiyalaşdırılması üçün unikal hüquqi mexanizmlər formalaşdırır. Dövlət satınalmalarında yerli rəqəmsal məhsullara və innovativ startaplara üstünlüklərin verilməsi, dövlət qurumlarının rəqəmsallaşma ehtiyaclarının məhz yerli ekosistem tərəfindən qarşılanmasına şərait yaradacaq ki, bu da milli texnologiya şirkətlərimiz üçün ən böyük sifariş bazarı rolunu oynayacaqdır. "Gömrük tarifi haqqında" Qanundakı dəyişikliklər yüksək texnoloji avadanlıqların, Ar-Ge (Araşdırma və İnkişaf) laboratoriyaları üçün zəruri olan komponentlərin ölkəyə gətirilməsini asanlaşdıracaq, Miqrasiya Məcəlləsindəki sadələşdirmələr isə qlobal İKT mütəxəssislərinin (rəqəmsal köçərilərin) ölkəmizə cəlb olunması prosesini bürokratik əngəllərdən azad edəcəkdir.
Yerli texnologiya şirkətləri üçün yeni inkişaf imkanları
E. Abbasov sonda diqqətə çatdırdı ki, ütövlükdə bu qanunvericilik paketi dövlətin rəqəmsal transformasiyaya və bilik iqtisadiyyatına keçid strategiyasının ən güclü hüquqi bünövrəsi olmaqla, yaxın gələcəkdə qeyri-neft sektoru daxilində İKT-nin payının və proqram təminatı ixracatının həndəsi silsilə ilə artmasına birbaşa təkan verəcəkdir.
Nigar Orucova, "İki sahil"