10 iyul 2026 19:18
134

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə tədris olunan fənlərin əsas məqsədi neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı proseslərində tətbiq olunan geofiziki üsulların nəzəri əsaslarını və praktik tətbiqini dərindən mənimsəyən, müasir texnologiyalarla işləmə bacarığına malik yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır.
İxtisaslaşma çərçivəsində tələbələr quyu şəraitində geoloji kəsilişin öyrənilməsi, süxurların litoloji və fiziki xüsusiyyətlərinin müəyyən edilməsi, kollektor süxurların ayrılması, onların məsaməlilik, keçiricilik və neft-qazla doyumluluq göstəricilərinin qiymətləndirilməsi istiqamətində fundamental bilik və praktiki bacarıqlar əldə edəcəklər. Həmçinin geofiziki məlumatların emalı və interpretasiyası əsasında yataqların geoloji quruluşunun dəqiqləşdirilməsi, məhsuldar layların seçilməsi, struktur xüsusiyyətlərinin araşdırılması və neft-qaz ehtiyatlarının daha dəqiq hesablanması üzrə müasir metodlar mənimsəniləcək.
Tədris prosesində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı mərhələsində regional geofiziki tədqiqatların aparılması, geoloji modellərin qurulması, perspektivli karbohidrogen toplanma zonalarının müəyyənləşdirilməsi, eləcə də yataqların işlənməsi dövründə lay təzyiqinin dəyişməsi, flüidlərin hərəkəti, su-neft və qaz-neft kontaktlarının dinamikası, quyuların məhsuldarlığının qiymətləndirilməsi və istismar prosesinə geofiziki nəzarət üsulları geniş şəkildə öyrədiləcək.
İxtisaslaşmanın mühüm istiqamətlərindən biri quyu geofizikasının əsasını təşkil edən karotaj üsullarının öyrənilməsidir. Tələbələr elektrik və elektromaqnit, radioaktiv və akustik karotaj üsullarının nəzəri əsaslarını, tətbiq sahələrini və nəticələrinin interpretasiyasını, həmçinin istismar quyularının texniki vəziyyətinin qiymətləndirilməsi, geoflüidal təzyiqlərin öyrənilməsi, mədən-geofiziki məlumatların kompüter interpretasiyası, geoloji-geofiziki modelləşdirmə və beynəlxalq neft-qaz sənayesində istifadə olunan qabaqcıl rəqəmsal texnologiyaları mənimsəyəcəklər.
İxtisaslaşma üzrə “Elektrik və elektromaqnit karotajın nəzəriyyəsi”, “Radioaktiv və akustik karotajın nəzəriyyəsi”, “Neft-qaz yataqlarının işlənməsinə mədən-geofiziki üsullarla nəzarət”, “QGT cihazlarının layihə və metroloji təminatı”, “İstismar quyularının texniki vəziyyətinin öyrənilməsi”, “Geoflüidal təzyiqin öyrənilmə üsulları”, “Mədən-geofiziki məlumatların kompüter interpretasiyası”, “Neft-mədən geologiyası”, “Neft-qaz yataqlarının işlənilməsinin geoloji əsasları”, “Quyularda partlayış işləri”, “Kabel və borularda layların sınanılması”, “Neft-qaz quyularının işlənməsinin modelləşdirilməsi”, “İstismar quyularında elektrik karotajının tətbiqi”, “Çöküntü süxurların genetik modelləri” və “Birbaşa mədən-geofiziki üsulları” fənlərinin tədrisi nəzərdə tutulur.
Bu ixtisaslaşma üzrə hazırlanan məzunlar neft və qaz yataqlarının kəşfiyyatı, ehtiyatlarının qiymətləndirilməsi, yataqların işlənməsi, istismar proseslərinə geofiziki nəzarətin həyata keçirilməsi, geofiziki məlumatların müasir proqram təminatı vasitəsilə emalı və interpretasiyası sahələrində peşəkar fəaliyyət göstərmək üçün zəruri elmi-praktiki bilik və bacarıqlara yiyələnəcəklər.