13 iyul 2026 16:24
92

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Fulbright” Proqramının 2026-cı il üçün qalibi olub.

“İki sahil” xəbər verir ki, proqram çərçivəsində Zərifə Nəzirli 2026-cı il 17 avqust – 2027-ci il 5 yanvar tarixlərində ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqatlar aparmaq, eləcə də qabaqcıl akademik təcrübə əldə etmək imkanı qazanıb.

Dəvət məktubuna əsasən, proqram müddətində Zərifə Nəzirli Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər sahəsində tanınmış alimlər Vaheguru Pal Singh Sidhu və Thomas Hillin elmi rəhbərliyi altında tədqiqat fəaliyyətini həyata keçirəcək. Bununla yanaşı, proqram çərçivəsində Nyu-York Universitetinin kitabxana və digər akademik resurslarından istifadə etmək, elmi konfrans və seminarlarda iştirak etmək, həmçinin müvafiq ixtisas fənləri üzrə dərslərə dinləyici qismində qatılmaq imkanı əldə edəcək.