14 iyul 2026 13:35
155

Sumqayıtın deputatları Polad Həşimovun məzarını ziyarət etdi

Bu gün Milli Məclisdə Sumqayıt şəhərini təmsil edən deputat həmkarlarımla birlikdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucaldığı gün onun məzarını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə deputat Səbinə Salmanova “facebook” hesabında paylaşım edib.

O qeyd edib ki, general-mayor Polad Həşimovun həyat yolu Vətənə sonsuz sədaqətin, yüksək hərbi peşəkarlığın və əsl Azərbaycan zabitinin necə olmasının parlaq nümunəsidir:

“O, ömrünü Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin qorunmasına həsr etdi. Tovuz döyüşlərində ön cəbhədə əsgərlərinin yanında vuruşaraq qəhrəmancasına şəhid olması xalqımızın qürur mənbəyinə çevrildi və onun adı Azərbaycan hərb tarixində əbədi həkk olundu”.

Deputat vurğulayıb ki, Polad Həşimovun şəhadəti xalqımızın Vətən sevgisini, milli həmrəyliyini və mübarizə əzmini daha da gücləndirdi:

“Məhz bu qəhrəmanlıq salnaməsi Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə aparan yolu daha da möhkəmləndirdi. Bu gün qalib Azərbaycanın hər bir vətəndaşı qəhrəman şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Polad Həşimovun məzarını ziyarət edərək əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə andıq, ruhuna dualar oxuduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm cansağlığı versin”.

“Qəhrəman generalımızın şərəfli ömür yolu gələcək nəsillər üçün daim vətənpərvərlik, cəsarət və fədakarlıq məktəbi olacaq. Polad Həşimovun adı və xatirəsi yaddaşımızda əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” - parlamentari yazıb.