14 iyul 2026 22:00
212

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir

Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında 14 iyul 1969-cu il – Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ardınca Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmuş, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın iqtisadi, elmi, mədəni və ictimai-siyasi həyatında mühüm nailiyyətlər əldə edilmişdir. Bildirilmişdir ki, dahi şəxsiyyətin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir, ölkəmiz bütün sahələrdə dinamik inkişafını davam etdirir.

Sonda Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında xüsusi fəallıq göstərmiş partiya üzvləri fəxri fərmanla təltif olunmuş və Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.