15 iyul 2026 19:21
102

Şuşadan qlobal məkana: Azərbaycanın orta güc statusu və beynəlxalq problemlərə obyektiv baxış

Şuşa Qlobal Media Forumu təsis olunduğu gündən etibarən həm rəqəmsal medianın qlobal çağırışlarının müzakirə edildiyi intellektual məkana, həm də Azərbaycanın həqiqətlərini, yeni regional geosiyasi reallıqları dünyaya birbaşa çatdıran ən güclü informasiya platformasına çevrilib. Bu il iyulun 13-də öz işinə başlayan IV Şuşa Qlobal Media Forumu da həmin ənənəyə sadiq qalmaqla, eyni zamanda, onun artıq sadəcə bir media tədbiri deyil, rəsmi Bakının qlobal informasiya məkanındakı fəal intellektual düşərgəsi və həqiqət mərkəzi olduğunu, digər tərəfdən isə 30 illik işğaldan sonra azadlığına qovuşmuş, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq tədbirlər üçün uğurlu məkana çevrildiyini də göstərdi. Bu baxımdan, növbəti dəfə dünyanın aparıcı jurnalistlərinin, beyin mərkəzlərinin və rəqəmsal media mütəxəssislərinin Şuşada toplanması həm rəmzi, həm də çox ciddi geosiyasi əhəmiyyət kəsb edir. Forum xarici media mənsublarının Qarabağda gedən nəhəng quruculuq işlərini, “ağıllı şəhər/kənd” layihələrini və sülh quruculuğunu öz gözləri ilə görməsi üçün də unikal imkandır. Ötən dörd Forumda bütövlükdə 81 ölkənin 600-ə yaxın media nümayəndəsinin iştirakı, o cümlədən bu il əvvəlkilərdən daha çox – 53 ölkədən 160 qonağın, 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, o cümlədən müvafiq sahəni təmsil edən 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması onun artıq qəti şəkildə beynəlxalq xarakter aldığını və ənənəyə çevrildiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı zamanı səsləndirdiyi: “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir”, – fikri isə dövlətimizin bu tədbirə verdiyi əhəmiyyətin göstəricisidir.

İlk andan Şuşa forumlarında müzakirə üçün seçilmiş mövzular – “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” (I Forum), “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” (II Forum), “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi ” (III Forum) göstərir ki, müasir Azərbaycan təkcə öz lokal problemlərini danışan ölkə deyil, qlobal medianın rəqəmsal transformasiya problemlərinin həlli yollarını axtaran, beynəlxalq standartları müəyyənləşdirən bir intellektual mərkəz (hub) statusundadır. Bu mənada builki forumun mövzusu – “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” – ilk baxışda daha çox 2020-ci ilin Vətən müharibəsində qazandığı mütləq qələbədən sonra Azərbaycanın yürütdüyü regional siyasəti və beynəlxalq proseslərə münasibətini əks etdirir. Lakin dövlət başçısının media nümayəndələrinin suallarına verdiyi cavablar sözün tam mənasında bütün dünyanın hazırkı vəziyyətini əks etdirən, problemlərin mahiyyətini açıqlayan və onların həlli yollarını göstərən beynəlxalq səviyyəli siyasi xadimin aydın mövqe nümayişi kimi əlamətdar oldu. Prezident İlham Əliyevin əhatəli cavabları yalnız Azərbaycanla bağlı həqiqətlərə, dövlətimizin xarici siyasətinin müxtəlif istiqamətləri ilə bağlı məsələlərə aydınlıq gətirmədi, həmçinin bütün dünyanın narahat edən problemlərə obyektiv və ədalətli münasibəti ortaya qoydu və faktiki olaraq bəşəriyyətə onun problemlərinin həllində yol göstərən konseptual yanaşma oldu.

Bu baxımdan, bütün dörd Şuşa Forumunda dövlət başçımızın saatlarla davam edən press-konfransları həmin beynəlxalq tədbirin vizit kartına çevrilib. Prezident İlham Əliyev artıq xarici jurnalistlərin ən kəskin, hətta bəzən isə provokativ suallarına (Vətən müharibəsi dövründə) birbaşa, cəsarətli, əhatəli, açıq və tam səmimi cavab verməsi ilə tanınır və o, bu cəhəti ilə media mənsubları arasında heyranlıqla qarşılanır. Media ilə birbaşa ünsiyyətdə Azərbaycan lideri ölkəmizin xarici siyasət prioritetlərini birmənalı şəkildə dünyaya çatdırır, Ermənistanla sülh prosesi, Avropa ilə enerji əməkdaşlığı və regional təhlükəsizlik mövzusundakı qətiyyətli mövqeyini rəsmi sənədlərdən çıxarıb canlı bəyanatlara çevirir, qlobal proseslərə münasibətdə isə hər dəfə özünü beynəlxalq səviyyəli siyasət bilicisi kimi yenidən təsdiqləyir.

İyulun 13-də də Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarına verdiyi cavablar çox mühüm qiymətləndirmələr, mesajlar və çağırışlarla zəngin oldu. Ölkəmizin Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nadir coğrafi mövqeyini özünün yürütdüyü müdrik və çevik siyasətlə ən optimal şəkildə dəyərləndirərək onu dövlətimiz və xalqımız üçün mühüm üstünlüyə çevirən dövlət başçımız Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq siyasətini ardıcıl şəkildə həyata keçirir. Bu məsələdə həm təşəbbüskar, təşkilatçı, həm də tranzit ölkə kimi çıxış edərək beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir, eyni zamanda, bağlantılar vasitəsilə regional və digər tərəfdaşların da qarşılıqlı fayda götürdüyü nəhəng layihələrə imza atır.

Məhz bu siyasətin nəticəsidir ki, ayrı-ayrı ölkələrlə yanaşı, Avropa İttifaqının da ölkəmizlə əlaqələrin gücləndirilməsinə marağı getdikcə artır. Həm də bu maraq Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindəki parlaq Zəfərindən və 2023-cü ilin sentyabrında öz ərazisi üzərində tam suverenliyini bərqərar etməsindən, o cümlədən 2021-ci ilin iyununda Şuşada qardaş Türkiyə ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasından sonra Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞ PA) kimi regional qurumların ölkəmizə qarşı qərəzli, riyakar, ikili standartlar siyasətinin gücləndiyi bir vaxtda baş verir. Son dörd ayda Aİ Şurasının Prezidenti Antonio Koştanın, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfərləri göstərir ki, erməni lobbisinin maliyyəsinə əsir düşmüş Aİ və AŞ-nin populist parlamentarilərdən fərqli olaraq, bu qurumun praqmatik siyasətçilərinin Azərbaycanın regional və beynəlxalq aktor kimi rolunu düzgün qiymətləndirirlər.

Yeri gəlmişkən, eyni sözləri dünyanın ən hegemon dövləti kimi qəbul edilən ABŞ haqqında da demək mümkündür. Bu ölkə beynəlxalq proseslərə, o cümlədən Azərbaycana münasibətdə 4 illik Bayden-Blinken tandeminin rüsvayçı fəaliyyətindən sonra Prezident Donald Trampın öz ölkəsinin maraqlarına real şəkildə xidmət edən siyasəti nəticəsində daha obyektiv mövqe tutmağa başlayıb. Ərazilərimizin işğalına son qoyulduqdan sonra Azərbaycana münasibətdə Aİ və AŞ ilə eyni mövqedən çıxış edən o zamankı Ağ Ev administrasiyasından fərqli olaraq, Trampın komandasının səyləri ilə ötən il avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidentinin iştirakı ilə Vaşinqtonda sülh sazişi paraflandı, Azadlığı Müdafiə Aktına bədnam 907-ci düzəlişin qüvvəsi növbəti bir il üçün dayandırıldı və bu ilin fevral ayında Bakıda Vitse-prezident Cey. Di. Vensin səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalandı. Bu hadisələrlə yanaşı ABŞ və Azərbaycan prezidentlərinin 2026-cı ilin yanvarında Davosdakı görüşü, D.Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, eyni zamanda ölkəmizin başqa bir dünya nəhəngi olan Çinlə imzaladığı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, Azərbaycanda çox nüfuzlu beynəlxalq tədbirlərin (COP29, WUF13 və s.) keçirilməsi, ölkəmizin müəllifi olduğu beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin nüfuz qazanması, dövlətimizə olan beynəlxalq etimadın yüksək səviyyədə olması və s. bu kimi müdrik və müstəqil iradənin ifadəsi olan faktlar Azərbaycanın artıq orta gücə çevrilməsi ilə bağlı ekspertlərdə və geniş siyasi çevrələrdə real qənaət formalaşdırmışdır.

 Bu statusun nəticəsidir ki, Azərbaycan lideri aparıcı dövlətlərin belə müxtəlif səbəblərdən mövqe sərgiləməkdən çəkindiyi bir sıra qlobal problemlərə dair öz qəti iradəsini ortaya qoyur, dünya xalqlarının və beynəlxalq icmanın dəstəyini qazanan obyektiv fikirlərini çəkinmədən və aydın mətnlə müxtəlif tribunalardan səsləndirir, əzilən müstəmləkə xalqlarının hüquqlarının müdafiəçisinə və ümid yerinə çevrilir. Həm də bu iradə beynəlxalq məsələlərin bütöv bir spektrini əhatə edir: Prezident İlham Əliyev beynəlxalq sülhə cavabdeh olan, lakin faktiki ətalətə sürüklənmiş BMT-də real inklüziv islahatlar ideyası ilə çıxış edir; XXI əsrin bəşəriyyəti üçün utanc yeri olan Fransanın və digər ölkələrin müstəmləkə zülmü altında olan ölkələrin və xalqların hüquqlarının müdafiəsi üçün paytaxt Bakını tribuna kimi təqdim edir;  Rusiya-Ukrayna müharibəsinə münasibətdə ədalətli mövqeyini çəkinmədən dilə gətirir, Yaxın Şərqdəki münaqişələrə münasibətdə obyektiv davranır, Afrika ölkələrinin kənar qüvvələr tərəfindən cəlb olunduğu qarşıdurmalardan narahatlığını ifadə edir, COVİD-19 pandemiyası dövründə ehtiyacı olan 80 ölkəyə humanitar yardım edir, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq təşkilata məsuliyyətli rəhbərlik nümunəsi göstərir. Bu gün bir çox dövlətlərin ya laqeydlikdən, ya da riyakarlıqdan açıq deyə bilmədikləri: “XXI əsrdə sizdən 10 min kilometr uzaqlıqda yerləşən müstəmləkəyə sahib ola bilməzsiniz, xüsusilə də həmin ərazidə yaşayan insanlar sizi istəmirlərsə. İnsanlar öz həyatlarını özləri qurmaq istəyirlər” və ya “Afrikada sülhün bərqərar olması dünyanın hər hansı digər bölgəsində olduğu kimi, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün də bəzi qaynar nöqtələrin mövcud olmasının əsas səbəblərindən biri kənar müdaxilələrdir. Əgər xarici müdaxilələr aradan qalxarsa, sülh çox tezliklə bərqərar ola bilər”, – kimi cəsarətli fikirləri məhz Azərbaycan Prezidenti beynəlxalq media ictimaiyyəti qarşısında bəyan edir, həm həmin xalqları özlərinin, həm də müraciət etdiyi auditoriyanı bu xalqların hüquqlarının müdafiəsi uğrunda daha fəal olmağa və təşkilatlanmağa çağırır. Prezident İlham Əliyev bu qəbildən olan qlobal problemlərə dövlətlərarası münasibətlərin predmeti kimi deyil, beynəlxalq icmanı ciddi narahat etməli olan insan hüquqları, xalqların azadlıqları məsələsi kimi yanaşır.

Bu cür mövqe Azərbaycanın iqtisadi baxımdan ənənəvi enerji aktoru simasını humanitar və hüquqi baxımdan müstəmləkə xalqlarının tapdanan hüquqlarının carcısı olan qlobal məkana çevirir. Ölkəmiz hətta öz enerji resurslarını yalnız cəlbedici bazarlara yox, eyni zamanda ehtiyacı olan ölkələrə daha çox humanist məqsədlərlə yardım kimi də istifadə edir: Suriyada uzun illər davam edən qanlı münaqişədən sonra bu ölkəyə dərhal qaz ixracına başlayır. Başqa sözlə, ölkəmiz zəngin təbii sərvətlərindən istifadə etməklə öz liderinin yüksək siyasi iradəsi ilə beynəlxalq enerji təhlükəsizliyində iştirakının sərhədlərini genişləndirir. Prezident İlham Əliyev enerji təhlükəsizliyinə “bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri” kimi baxır, lakin “bir nömrəli prioritet” kimi dövlətimizin təhlükəsizlik və müdafiə qabiliyyətini daha da gücləndirərək özünün davamlı inkişafını təmin etməyi, Qarabağın bərpası və yenidən qurulmasını başa çatdırmağı, nəqliyyat marşrutlarının və bağlantı layihələrinin uğurla tamamlanmasını, rəqəmsal transformasiyanın və süni intellektin inkişafını nəzərdə tutur. Azərbaycan fosil enerji resurslarının ixracı ilə yanaşı “yaşıl enerji” gündəliyini aktual məsələ elan etməklə, bərpaolunan enerji mənbələrinin yaradılmasına da fəal şəkildə başlamışdır və yaxın gələcəkdə Avropa bazarına elektrik enerjisinin də əsas ixracatçı ölkələrindən birinə çevriləcəkdir.

Azərbaycan lideri ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasını da gündəlik fəaliyyətin mühüm istiqamətlərindən biri kimi irəli sürərək deyir: “Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik”. Dünyanın hazırda çox sürətlə son 60-70 ildə yaşadığı informasiya cəmiyyətinin daha üst mərhələsi olan Süni İntellekt erasına və Dördüncü Sənaye İnqilabı mərhələsinə keçid etdiyi bir vaxtda orta gücə çevrilmiş dövlətimiz üçün bu məsələnin aktuallığı özünü daha qabarıq şəkildə göstərməkdədir. Elə bu baxımdan Şuşa Forumunu Azərbaycanın qlobal məkanda tanıdılması üçün ən faydalı beynəlxalq tədbirlərdən biri hesab etmək olar.

Beləliklə, 2026-cı ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq sadəcə Azərbaycanın hərbi zəfərinin, milli musiqi mədəniyyətinin rəmzinə çevrilmiş şəhər deyil. Azadlığından aldığı ilhamla sürətlə dirçələn bu gözəl şəhərimiz həm də dövlətimizin müəllifliyi ilə qlobal miqyasda sözün gücünə hökm edən, dünyanı düşündürən suallara cavab axtarılan və sivilizasiyaların informasiya kəsişməsində yerləşən yeni nəsil diplomatik platformadır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent