İstanbulda III Türk Dünyası Yay Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, Forum İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), eləcə də Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Başqanlığının (YTB) tərəfdaşlığı ilə təşkil olunub.
Artıq ənənəvi beynəlxalq akademik platformaya çevrilən Türk Dünyası Yay Forumuna bu il 26 ölkədən 150-yə yaxın alim, tədqiqatçı, ekspert, dövlət rəsmisi və siyasətçi qatılıb.
Tədbir yalnız Türk dünyası ölkələrinin nümayəndələrini deyil, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və müxtəlif Avropa ölkələrindən olan alim və ekspertləri bir araya gətirərək Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, mədəniyyət və regional əməkdaşlıq məsələlərinin elmi müstəvidə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
Azərbaycan Forumda Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və ADA Universiteti kimi elm və ali təhsil müəssisələrinin tədqiqatçıları və nümayəndələri ilə təmsil olunub.
Forumun rəsmi açılış mərasimində İbn Haldun Universitetinin rəhbər heyəti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, professor Yaşar Sarı, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuru Quliyev, tərəfdaş qurumların nümayəndələri, eləcə də müxtəlif ölkələrdən olan alim və ekspertlər iştirak ediblər.
Burada çıxış edənlər Türk dünyasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq elmi layihələrin təşviqi və gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Forum işini panel iclaslar və elmi müzakirələrlə davam etdirib.
Forum çərçivəsində Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri dosent Orxan Vəliyev "Milli inteqrativ siyasət kontekstində Cənubi Qafqazın yenidən dəyərləndirilməsi: Azərbaycan nümunəsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın milli inteqrativ siyasət modeli nəzəri və praktik aspektlərdən təhlil olunub, postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional inteqrasiyanın perspektivləri, dövlətlərarası əməkdaşlığın inkişaf imkanları və Azərbaycanın bölgədə oynadığı strateji rol elmi yanaşma əsasında qiymətləndirilib.
SOCAR Türkiyənin Baş icraçı direktoru (CEO) Elçin İbadov çıxış edərək Türk dünyasında enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar TDT-nin İstanbulda yerləşən qərargahını ziyarət edib, təşkilatın Baş katibinin müavini Nuru Quliyev və Orhun Mübadilə Proqramı üzrə ali təhsil məsələləri üzrə məsləhətçi Zebiniso Kamal ilə görüşüblər. Görüşdə TDT-nin ali təhsil sahəsində həyata keçirdiyi əməkdaşlıq proqramları, akademik mobilliyin genişləndirilməsi, universitetlər arasında ortaq layihələrin inkişaf etdirilməsi və Türk dünyasında elmi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.