17 iyul 2026 18:50
104

Hərbi ixtisas fənlərinin tədrisi prosesində vətənpərvərlik tərbiyəsi

Razılıq hissi ilə qeyd etmək lazımdır ki, son illər respublikamızın ali məktəblərində tələbələrin hərbi vətənpərvərlik tərbiyəsinin keyfiyyəti durmadan yaxşılaşmaqdadır. Öz işini məktəb islahatının tələbləri səviyyəsində qurmağa çalışan pedaqoji kollektivlər tərbiyə işinin bu mühüm sahəsinin səmərəliliyini daim artırmağa diqqət yetirirlər. Hərbi işə maraq tərbiyə etməyə çalışırlar. Məktəbdə yaxşı bir maraq yaratmaq lazımdır. İstər məzuniyyətdən buraxılmış və istərsə də ordu sıralarından tərxis olunmuş əsgərlərlə ali məktəb tələbələrinin təntənəli görüşü keçirilir. Belə görüşlər tələbələrdə hərbi vətənpərvərlik hisslərinin qüvvətlənməsinə böyük kömək göstərir.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə həyatımızın bütün sahələrində, o cümlədən ali məktəblərdə, təlim-tərbiyə müəssisələrində, idman bölmələrində, nəhayət, ailədə məşğul olunmalıdır.

Ailədə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işin formaları mahiyyət etibarilə formalara oxşayır, lakin ailə şəraitində həyata keçirilən vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi hərbi hazırlıq kursunun proqram çərçivəsində aparılan hərbi vətənpərvərlik tərbiyəsindən bir sıra üstün cəhətləri ilə fərqlənir. Ali məktəblərdə və digər tərbiyə ocaqlarında formalaşıb möhkəmlənəcək hərbi vətənpərvərlik tərbiyəsi üçün bünövrə ata, ana və ailənin digər yaşlı üzvləri tərəfindən qoyulur, lakin bu iş xüsusən bədən tərbiyəsi müəllimi, hərbi rəhbər, valideyn yığıncaqlarında, görüşlərdə valideynlərə müəyyən istiqamət verilməli, lazımi kömək göstərilməlidir.

Müharibədə olmuş və yaxud hazırda hərbi hissələrdə qulluq edən rütbəli qohum və tanışların söhbətləri gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Belə söhbətlər gənclərdə hərbi vətənpərvərlik hissləri oyadır. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə ciddi fikir verilməlidir. Müxtəlif adda və məzmunda stentlər, guşələr yaradılmalıdır. «Azərbaycanın generalları və sərkərdələri», «416-cı qırmızı bayraq ordenli Taqanroq diviziyası», «Nəsillərə nümunə», «Rayon veteranları», «Azərbaycan ordusunda xidmət edən məzunlar», «Məktəbin məzunları», «Həzi Aslanovun döyüş yolu» stentləri bu sahədə mühüm rol oynaya bilər.

Tarixi yaradan da, yaşadan da xalqın özüdür. Hər hansı bir xalqın tarixi dünya xalqları arasında o vaxt özünə layiqli yer tutur ki, bu tarix Vətən və millət məfrumları ilə sıx bağlı olsun. Vətənpərvərlik çox geniş anlayışdır və qədim tarixə malikdir. Vətənpərvərlik ən yaxşı ənənələri özündə əks etdirməklə insanlarda keçmiş tarixi irsə məhəbbət oyadır. Bu hiss insanları Vətən yolunda misilsiz qəhrəmanlığa və fədakarlığa ruhlandırır, yüksək vətəndaşlıq, namus, qeyrət, çətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissləri aşılayır.

Vətənpərvərlik Vətənə, doğma torpağa, xalqa, onun dilinə, adət-ənənələrinə, mədəniyyətinə, tarixinə məhəbbət deməkdir. Hələ qədim vaxtlardan Azərbaycanda elə nəsillər, elə qəbilələr olmuşdur ki, onlar öz döyüşkənliyi ilə təkcə Qafqazda yox, hətta bütün dünyada tanınmışlar. Naxçıvanda Kəngərlilər, Bakıda Bakıxanovlar, Qazaxda Şıxlınskilər və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər, Gəncədə Cavadxanovlar, Qarabağda Cavanşirlər, Lənkəranda Talışinskilər kimi el qeyrətini çəkən, Vətən torpağını təhlükə gözləyəndə birləşib ayağa qalxan, onun hər qarışı uğrunda canlarından keçən oğullar yetişib.

Yeniyetmələrdə hərbi-vətənpərvərlik hissi mərd və mübariz igidlərimiz milli qəhrəmanlarımız və şəhidlərimiz haqqında hadisələri şüurlu surətdə qavradıqda, onlar haqqında lazımi biliklərə yiyələndikdə baş qaldırır və inkişaf edir. Belə hallarda yeniyetmə təsvir olunan qəhrəmanların taleyinə biganə qala bilmir. O, qəhrəmanın hissləri və taleyi ilə yaşayır, ona kömək etmək onunla birlikdə Vətən düşmənləri ilə vuruşmaq istəyir. Onlarda düşmənə qarşı qəzəb və nifrət hissi yaranır. Bu hiss gənclərdə hərbi-vətənpərvərlik hisslərinin artmasına güclü təsir göstərir.

Müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Vətənə məhəbbət hissi və Vətənin müdafiəsi bu günlər həmişəkindən çox ön planda durur. Görkəmli ictimai xadim, şair və dramaturq Şixəli Qurbanov qeyd edir ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ana südündən, ana laylasından başlanır, Ana bətnindən ananın Vətənə məhəbbətindən, ananın vətənpərvərliyindən başlanır, bağçada və sonralar məktəbdə, ictimai həyatda daha da təkmilləşir, formalaşır.

Nəyim var sənindir, bu baş, bu bədən,

Əcəl aman verə ömür bitməyə!

Sənə qurban olum demirəm Vətən,

Hazıram yolunda qurban getməyə.

Buna görə də hər bir azərbaycanlı öz sayıqlığını artırmalı, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün xüsusilə gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi daim gücləndirilməlidir.

Ümummilli Liderimiz Heydər Əliyev gənclərə vətənpərvərliklə bağlı fikirlərini belə bildirmişdir: “Birinci, növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu, vəzifəsi olmalıdır. Ancaq vətənpərvərlik gərək insanın özündə olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Yox! Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır”.

İnsana məxsus mənəvi keyfiyyətlər içərisində vətənpərvərlik hissi mühüm yer tutur. Bu müqəddəs hissin uşaqlarda lap kiçik yaşlarında tərbiyə edilməsi böyük əhəmiyyət kəsb edir. Kiçikyaşlı uşaqlar Vətən haqqında biliklərini ilk əvvəl ailədə, uşaq bağçasında, sonra məktəbdə, dha sonra isə kitabxanalarda zənginləşdirirlər.

Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün ilk əvvəl onlara Vətənimizi, dilimizi gözəlliklərindən danışmaq, təbiəti sevməyi öyrənmək lazımdır. Onlara Vətən haqqında şeirlər əzbərlətməli, nağıllar oxumalı, qəhrəmanlıqlardan danışılmalıdır. Bu gün məktəbəqədər yaşlı uşaqlar Azərbaycanın Dövlət Himnini oxuya bilirsə, demək, biz vətənpərvər olmağa layiq nəsil tərbiyə edirik.

Tarix boyu xalqımız Vətənə məhəbbət, vətənpərvərlik hissi ilə doğma yerlərə və adamlara bağlılıqdan başlayaraq bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə qədər yüksəlmişdir. Əgər xalqımız vətənpərvər olmasaydı, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 Yanvar gecəsi sinələrini düşmən gülləsinə sipər etməzdilər.

Bu gün hər sahədə bizə örnək olan, xalqımızın qəlbində daimi yer tutan, heç bir zaman unudulmayan Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi və seçdiyi həyat yolu, Vətən torpağına olan təəssübkeşlik, onun azadlığı uğrunda apardığı mübarizə və quruculuq işləri yeniyetmə və gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Vətən və əqidə yolunda, xalq işi uğrunda dönməzlik Heydər Əliyev şəxsiyyətinin ən sanballı, parlaq nümunəsidir.

Cavanşir Zeynallı,
Naxçıvan Dövlət Universitetinin dosenti