Valideyn-dövlət özəl əməkdaşlığı dövlət məktəbəqədər təhsil müəssisələrinə (bağça) gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq.
“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən tədris ilində 86 mindən çox beş yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub:
"24 mindən bir qədər çox uşaq isə icma qruplarında məktəbəqədər hazırlığa cəlb olunub. Valideyn-dövlət özəl əməkdaşlığı ilə isə ötən tədris ilində 4 mindən çox uşaq bu maliyyələşmədən faydalana bilib. Artıq bu ilin iyun ayında Azərbaycan Prezidentinin fərmanı ilə valideyn-özəl dövlət tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında fərman imzalandı və Nazirlər Kabineti bu modelin qaydasını artıq təsdiq etdi".
V.Yaqublu əlavə edib ki, qaydalar hər bir tərəfin, həm dövlətin, həm iddiaçı adlandırdığımız özəl məktəbəqədər təhsil müəssisəsinin, həm də bundan faydalanan valideyn və onun övladının üzərinə düşən öhdəlikləri müəyyən edir:
"Bir çox ailələr bu təklifdən faydalanacaq. Bu, bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrinə gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq, daha çox uşağın məktəbəqədər təhsilə çıxışını şərtləndirəcək. Digər tərəfdən bu, özəl qurumların inkişafına, potensialının tam şəkildə üzə çıxarılmasına imkan verəcək, bu, həm də yeni iş yerlərinin açılması deməkdir".
MÜTDA rəsmisi həmçinin qeyd edib ki, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70 %-ni maliyyələşdirəcək:
"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq".