20 iyul 2026 17:31
377

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal iştirakçısıdır - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışında bir daha bildirdi ki, bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır

Dövlətimizin başçısı İlham Əliyevin hər bir müsahibəsi bu günümüz və gələcəyimizlə bağlı mühüm çağırışlarla zəngin olmaqla bərabər daim ölkə və dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilir. İyulun 13-14-də azad Qarabağımızın ev sahibliyi ilə keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı dünya mətbuatında geniş işıqlandırılır, Azərbaycanın hər bir sahədə əməkdaşlıq məkanı olduğu əsaslı şəkildə diqqətə çatdırılır. Təbii ki, cənab İlham Əliyevin diqqət göstərdiyi əsas məsələrdən biri Azərbaycanın enerji və nəqliyyat imkanlarından istifadə edərək ölkələr arasında əməkdaşlıq körpüsü yaratması, zaman keçdikcə onların coğrafiyasının genişləndirilməsində təşəbbüskar kimi çıxış etməsidir.

Azərbaycan hazırda enerji təcrübəsi ilə dünyanın diqqətindədir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan artıq 16 ölkəyə qaz tədarük edir. Onlardan 14-ü Avropa ölkəsidir. Bu il Avstriya ilə Almaniya da həmin ölkələr sırasına qoşulub. Dövlətimizin başçısı sözügedən Forumda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf səviyyəsindən, Almaniya ilə Avstriyayanın hansı baxımdan xüsusi əhəmiyyət kəsb etməsindən və sair kimi məsələlərdən geniş bəhs etdi. Bildirdi ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.

Hər zaman vurğulandığı kimi, bu, son deyil. Qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparılır. Ölkəmizə hər iki istiqamətdə müraciətlər var. Cənab İlham Əliyev çıxışında bu reallığı da xüsusi qeyd etdi ki, bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var: “Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından – bizim "ACG Deep Gas" adlandırdığımız layihə çərçivəsində hasilata başladıq. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilat artacaq.”

Azərbaycanın yaşıl enerjiyə keçid prosesi də diqqətdən kənarda qalmır. Ölkəmizin malik olduğu bərpaolunan enerji potensialı bu istiqamətdə yeni əməkdaşlıq formatlarının yaradılmasına, eyni zamanda, mpvcud əlaqələrin daha da genişləndirilməsinə imkanlar yaradır. İslim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 konfransı Azərbaycanın bərpaolunan enerji potensialının, həmçinin qlobal problemlərin həllinə verdiyi töhfələrin, o cümlədən birgə səylərə çağırış edən bu kimi məsələlərin əməkdaşlığa yol açmasını, bunun üçün hər bir ölkənin imkanlarının təqdimatı oldu. COP29 Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi. Bu iqlim konfransının uğurlu nəticələri növbəti COP-lar üçün stimul oldu. Şuşa Qlobal Media Forumu çərçivəsində aparılan müzakirələrdə də COP29 tədbirinə xüsusi diqqət yönəldildi.

Forumda bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirildiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək: “Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik.”

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri bütün dövrlərdə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə, əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Forumda Azərbaycanın bu mövqeyi bir daha önə çəkildi. Belə ki, “Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nadir coğrafi mövqeyə malikdir. Lakin Qırmızı dənizdə və Hörmüz boğazında son pozulmalar dünyaya dəniz ticarətinin zəifliyini xatırlatdı. Sizcə, quru dəhlizlərin dəniz marşrutları qədər strateji əhəmiyyətə malik olacağı dövrə qədəm qoyuruqmu? Əgər belədirsə, Siz Azərbaycanın növbəti onillikdə rolunu necə görürsünüz” sualına cavab olaraq dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular: “İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.” Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq.

Reallıq budur ki, Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Belə ki, bu torpaqlarda 3 Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlayan zaman ilk olaraq yol infrastrukturunun yenilənməsi prioritet oldu. Ümumilikdə bütün bölgələrdə yol-nəqliyyat əsasdır. Azərbaycan bu sahədə də qazandığı uğurları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayanır. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu reallığı hər zaman önə çəkir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, Azərbaycan qlobal çağırışları yüksək səviyyədə çavablandırmaq üçün bütün imkanlara malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin əsasında bu torpaqların iqtisadi potensialından səmərəli istifadənin prioritet məsələ olduğunu aydın şəkildə görürük. Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin təqdimatında öz sözünü dedi. Belə ki, Forumun açılış mərasimində “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub” söyləyən cənab İlham Əliyev bu çağırışı da etdi ki, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.

IV Şuşa Qlobal Media Forumunda diqqət göstərilən əsas məsələlərdən biri məhz Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsi oldu. Region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə geniş imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın coğrafi mövqeyindən, malik olduğu iqtisadi potensialdan, nəqliyyat imkanlarından səmərəli istifadə etməsi, hər bir təşəbbüsünü reallığa çevirməsi daim yeni əməkdaşlıq körpülərinin qurulmasını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”