21 iyul 2026 13:16
158

Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır

Azərbaycan Universitetinin 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul planı təsdiqlənib. Qəbul 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramının 4 istiqaməti üzrə aparılır.  Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir. MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında qəbul mümkündür.

“İki sahil” xəbər verir ki, Azərbaycan Universiteti magistratura namizədlərinə müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, elmi-tədqiqat fəaliyyətinə qoşulmaq və peşəkar inkişaf imkanlarından faydalanmaq üçün müasir akademik mühit təqdim edir. Qəbul planında ümumilikdə 203 yer ayrılıb ki, həmin yerlərdən 168-i Azərbaycan, 35-i isə ingilis bölməsi üçün nəzərdə tutulub. Qəbul planı əmək bazarının tələbləri, ali təhsil sisteminin inkişaf prioritetləri və universitetin akademik potensialı nəzərə alınmaqla formalaşdırılıb.

Magistratura səviyyəsi üzrə bütün təhsil proqramları yenilənib. Yeni təhsil proqramlarında nəticəyönümlü prinsiplər əsas götürülüb. Bu məqsədlə süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar, innovativ informasiya sistemləri və digər müasir istiqamətlər üzrə fənlər tədris planlarına daxil edilib, həmin sahələr üzrə bilik və bacarıqlar müxtəlif ixtisas fənlərinin məzmununa inteqrasiya olunub.

Universitetdə fəaliyyət göstərən daxili keyfiyyət təminatı sistemi təhsil proqramlarının davamlı monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu prosesə akademik heyətlə yanaşı, tələbələr, məzunlar və işəgötürənlər də cəlb olunur, onların rəy və təklifləri proqramların təkmilləşdirilməsi və yeni ixtisasların hazırlanması zamanı nəzərə alınır.

Əldə olunan mühüm nailiyyətlərdən biri Sosial iş ixtisasının təhsil proqramının bakalavriat səviyyəsindən sonra magistratura səviyyəsi üzrə də beynəlxalq akkreditasiyadan uğurla keçməsidir. Beynəlxalq akkreditasiya növbəti 5 ili əhatə edir və proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, rəqabətqabiliyyətliliyini, tədris prosesinin yüksək akademik tələblərə cavab verdiyini təsdiqləyir. Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən həyata keçirilib. Eyni ixtisasın həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə beynəlxalq akkreditasiya sertifikatını əldə etməsi uuniversitetdə sosial iş sahəsində akademik məktəbin formalaşmasının göstəricidir.

Magistratura səviyyəsi üzrə qəbula dair daha ətraflı məlumatı universitetin internet səhifəsindən əldə etmək mümkündür. 

https://au.edu.az/az/admission/magistraturaya-qebul