21 iyul 2026 17:58
112

ADRA insan alverinə qarşı mübarizə ilə bağlı sosial reklamların yayımını təmin edəcək 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) insan alverinə qarşı mübarizə sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə açıq məkandakı reklam qurğularında, rəsmi internet səhifəsi və media hesablarında bu mövzuda reklamların yayımını təmin edəcək. “İki sahil” xəbər verir ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan məqsədlərin icrasına uyğun həyata keçiriləcək.

Milli Fəaliyyət Planında insan alverinin qarşısının alınması, əhalinin məlumatlandırılması və maarifləndirilməsi, insan alveri qurbanlarının müdafiəsinin gücləndirilməsi, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılması və cəmiyyətin bu cinayət növünə qarşı həssaslığının yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən yayımlanacaq sosial reklamlar da məhz bu məqsədlərə uyğun olaraq cəmiyyətin insan alverinin təhlükələri, onun doğurduğu risklər və bu cinayət növünə qarşı mübarizənin əhəmiyyəti barədə məlumatlandırılmasına xidmət edəcək.