ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika tərəfi Səudiyyə Ərəbistanı ilə atom energetikası sahəsində imzalanmış sazişi yalnız krallıq hakimiyyətinin İsrail ilə əlaqələrin normallaşdırılmasını nəzərdə tutan "Avraam sazişləri"ni imzalayacağı təqdirdə təsdiqləyəcək.
“İki sahil” xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib ki, sövdələşmənin təsdiqi "tamamilə Səudiyyə Ərəbistanının Avraam sazişlərinə qoşulmasından asılıdır".
İyulun 22-də Vaşinqton administrasiyasının yaydığı məlumata görə, sözügedən sazişi ABŞ-ın energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud imzalayıblar.
Saziş baxılması üçün ABŞ Konqresinə təqdim olunub. Sənəd onilliklər üçün nəzərdə tutulub və ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının atom energetikasının inkişafı proqramında iştirak etmək üçün geniş imkanlar açmaq məqsədi daşıyır.
"Avraam sazişləri" ABŞ-ın vasitəçiliyi ilə 2020–2021-ci illərdə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub.
2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsrail ilə münasibətlərini normallaşdırıb. 2021-ci ildə Sudan yəhudi dövləti ilə diplomatik əlaqələrin qurulduğunu elan edib. Bu sazişlərə qədər ərəb dövlətlərindən yalnız Misir (1979) və İordaniya (1994) İsrail ilə diplomatik münasibətlərə malik idi.
2025-ci ilin avqustunda Donald Tramp Yaxın Şərqin bütün dövlətlərini "Avraam sazişləri"nə qoşulmağa çağıraraq, bunun regionda sülhü təmin edəcəyini bildirmişdi.