23 iyul 2026 20:02
164

Zəlzələdən dəyən zərər təxminən 20 milyard dollardır

Dünya Bankı iyunun 24-də Venesuelada baş vermiş zəlzələlərdən dəyən zərəri 19,6 milyard ABŞ dolları məbləğində qiymətləndirib.

“İki sahil” xəbər verir ki, ümumi zərər həcminin təxminən yarısı mənzil fondunun payına düşüb.

Sənəddə qeyd olunub ki, dağıntıların miqyası iqtisadi artımı sürətləndirmək və fəlakətin sosial nəticələrini yumşaltmaq üçün ölkənin operativ şəkildə bərpa edilməsinin vacibliyini vurğulayır.

Qiymətləndirməyə görə, zərərin 47 %-i yaşayış binalarının, 27 %-i infrastruktur obyektlərinin, daha 26 %-i isə qeyri-yaşayış tikililərinin payına düşüb.

Təhlil itkilərin ilkin miqyasını müəyyənləşdirməyə imkan verən və Venesuela hökumətinə, eləcə də beynəlxalq tərəfdaşlara qarşıdakı bərpa işlərinin həcmini qiymətləndirməyə kömək edən qlobal sürətli zərər qiymətləndirmə proqramı (GRADE) çərçivəsində aparılıb.

Dünya Bankı GRADE-in nəticələrinə əsaslanaraq zəlzələnin mümkün makroiqtisadi və sosial-iqtisadi nəticələrini də təhlil edib.

Ekspertlərin rəylərinə görə, Venesuelanın iqtisadi bərpa templəri və onun gələcək sosial inkişafı zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə işlərin həyata keçirilmə sürəti ilə müəyyən ediləcək.

Xatırladaq ki, Venesuelada dağıdıcı zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə intervalla 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Nəticədə təxminən 5 400 nəfər həlak olub.