27 iyul 2026 11:06
103

Yayda yandırıcı Günəş şüalarından necə qorunmalı?..

Yay aylarında Günəş şüalarına uzun müddət məruz qalmaq təkcə dəridəki müvəqqəti qızartıya deyil, hüceyrə səviyyəsində DNT zədələnməsinə, dərinin erkən qocalmasına və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. Türkiyəli dermatoloq Mələk Kəsir Koç bildirir ki, təkrarlanan Günəş yanıqları orqanizmdə toplanan zədələnməni artırır və xüsusilə uşaqlıq dövründə baş verən ağır yanıqlar gələcəkdə melanoma da daxil olmaqla dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Mütəxəssisin sözlərinə görə, yay mövsümündə Günəş şüalarının Yer səthinə daha dik bucaq altında düşməsi ultrabənövşəyi (UV) şüalanmanın intensivliyini artırır. Bu səbəbdən Günəş yanığını sadəcə dərinin qızarması kimi qiymətləndirmək düzgün deyil. Koç qeyd edib ki, UVA və UVB şüalarının təsiri nəticəsində yaranan Günəş yanığı hüceyrələrin DNT-sinə zərər verir. Bu zədələnmə zaman keçdikcə dəridə qalıcı piqment ləkələrinin yaranmasına, qocalma prosesinin sürətlənməsinə və dəri xərçənginin inkişafına zəmin yarada bilər.

Dermatoloqun sözlərinə görə, ultrabənövşəyi şüaların ən güclü olduğu vaxt saat 10:00-16:00 aralarıdır. Bu saatlarda Günəş altında qoruyucu vasitələr olmadan qalmaq qısa müddətdə ciddi Günəş yanıqlara səbəb ola bilər: “Körpələr, uşaqlar, yaşlı insanlar və açıq dərili şəxslər daha yüksək risk qrupuna daxildirlər. Körpələrin və uşaqların dəriləri nazik olduğu üçün UV şüaları dərinin dərin qatlarına daha asan nüfuz edir. Bundan əlavə, melanin piqmenti tam formalaşmadığından onların təbii müdafiə mexanizmi zəif olur. Altı aydan kiçik körpələr üçün qoruyucu geyim və enli kənarlı papaqdan istifadə edilməli, daha böyük uşaqlarda isə mineral filtrli SPF 50+ Günəş qoruyucu kremlərə üstünlük verilməlidir. Qeyd etmək lazımdır ki, yaşlı insanlarda dərinin özünü bərpa qabiliyyəti zəifləyir, qəbul edilən bəzi dərmanlar isə Günəşə  qarşı həssaslığı artırır. Bundan əlavə, nəzərə alınmalıdır ki, açıq dərili insanlarda melanin miqdarının az olması səbəbindən günəş yanığı və dəri xərçəngi riski daha yüksəkdir.”

Mütəxəssis Günəş yanığı zamanı ilk yardımın düzgün göstərilməsinin sağalma prosesinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, belə hallarda bol maye qəbul edilməli, zədələnmiş nahiyəyə soyuq kompres qoyulmalı, spirt və ətir tərkibli olmayan nəmləndiricilərdən istifadə edilməlidir. Dərinin qıcıqlanmaması üçün pambıq və bol geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Koç xalq arasında geniş yayılmış bəzi üsulların isə zərərli olduğunu vurğulayıb. O bildirib ki, Günəş yanığına qatıq və ya diş məcunu sürtmək yalnız müvəqqəti sərinlik hissi yaratsa da, dərinin hava almasını məhdudlaşdıraraq infeksiya riskini artıra bilər. Su toplamış qabarcıqlar deşilməməli, soyulan dəri qoparılmamalı, həmçinin isti su ilə çimmək və dərini sərt şəkildə sürtməkdən çəkinmək lazımdır. Mütəxəssis yüksək hərarət, titrətmə, şüurun bulanması, güclü baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, güclü susuzluq hissi, ağız quruluğu və sidik ifrazının azalması kimi əlamətlər yarandıqda dərhal tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib.

Dermatoloq qorunmanın yalnız Günəş kremi istifadə etməklə məhdudlaşmadığını da qeyd edib. Onun sözlərinə görə, ən azı SPF 30, yay aylarında isə SPF 50+ və geniş spektrli qoruyucu kremlərdən istifadə edilməli, krem çölə çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilməli, üzgüçülükdən və ya güclü tərləmədən sonra yenidən tətbiq olunmalıdır. Bununla yanaşı, enli kənarlı papaq, UV filtrli gün eynəyi və qoruyucu geyimlərdən istifadə edilməli, xüsusilə saat 10:00-16:00 aralarında birbaşa Günəş şüaları altında qalmaqdan çəkinilməlidir.

Koç çətir altında olmaq və ya havanın buludlu keçməsinin tam qorunma yaratmadığını da diqqətə çatdırıb. Bildirib ki, qum və dəniz səthi Günəş şüalarını əks etdirdiyi üçün kölgədə olarkən də ultrabənövşəyi şüalara məruz qalmaq mümkündür. Buludlu havalarda da UV şüalarının böyük hissəsi Yer səthinə çatdığı üçün qoruyucu tədbirlər davam etdirilməlidir.

Mütəxəssis sonda qeyd edib ki, yay istirahəti zamanı gün ərzində 2,5-3 litr su qəbul etmək, dəniz və ya hovuzdan sonra duş qəbul edərək dərini duz və xlordan təmizləmək, daha sonra nəmləndirici və ya günəşdən sonra istifadə olunan qulluq vasitələrini tətbiq etmək dərinin bərpasını sürətləndirir. O, həmçinin çimərliyə getməzdən əvvəl ətir və ya tərkibində spirt olan kosmetik vasitələrdən istifadə etməməyi tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu məhsullar günəş şüaları ilə qarşılıqlı təsirə girərək dəridə uzunmüddətli, hətta qalıcı piqment ləkələrinin yaranmasına səbəb ola bilər.

Şahnigar Əhmədova, “İki sahil”