25 iyul 2026 13:27
112

Antalyanın Aspendos antik şəhərində iki min illik küçə aşkarlanıb

Türkiyənin Antalya vilayətində yerləşən Aspendos antik şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində 2 min illik “Teatr” küçəsinin təxminən 300 metrlik hissəsi bərpa edilərək üzə çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

O qeyd edib ki, artıq ziyarətçilər antik teatrdan ən mühüm tikililərin olduğu akropoladək uzanan tarixi marşrut boyunca qədim şəhərin izlərini yaxından görə biləcəklər.

Qazıntılar zamanı qədim dükanlar, çörəkbişirmə sobası, monumental şərq qapısı, Hermes, Artemida, Afrodita, Eros və Nemesis heykəlləri, həmçinin Gənc Eurymedon mozaikası aşkar edilib.

Bundan başqa, tapılan Finikiya sikkəsi və şüşə məmulatları da Aspendosun Şərqi Aralıq dənizinin mühüm ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Yeni tapıntılar şəhərin tarixi, memarlığı və iqtisadi əhəmiyyəti barədə mühüm elmi məlumatlar təqdim edir.