29 iyul 2026 19:32
88

YAP Qaradağ rayon təşkilatında növbəti görüş

29 iyul tarixində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayonun Lökbatan, Sahil və Ələt qəsəbələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, qeyd edilən qəsəbələrdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının rəhbərləri və partiyanın rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşılaşdığı ağır ictimai-siyasi vəziyyətdən, vətəndaş müharibəsi təhlükəsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunmasından və ölkənin ciddi təhdidlərlə üz-üzə qalmasından bəhs edib. O bildirib ki, belə bir dövrdə, 1992-ci ilin noyabrında ölkənin aparıcı ziyalılarının təşəbbüsü ilə Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilərək müasir müstəqil Azərbaycanın inkişafında və regionun lider dövlətinə çevrilməsində mühüm rol oynayıb.

İlqar İlyasov vurğulayıb ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm uğurlar qazanır. Bu nailiyyətlərin əldə olunmasında YAP-ın Mərkəzi Aparatının, rayon təşkilatlarının, eləcə də ərazi partiya təşkilatlarının səmərəli fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Partiyanın rayon təşkilatının sədri qeyd edib ki, Qaradağ rayonunda fəaliyyət göstərən ərazi partiya təşkilatları həm rayon təşkilatının işində, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, siyasi-ideoloji fəaliyyət və təbliğat işinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışaraq bildirib ki, YAP Qaradağ rayon təşkilatı da qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edir.

Bu gün keçirilən görüşün əhəmiyyətini vurğulayan İlqar İlyasov qeyd edib ki, məqsəd rayon ərazisində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyəti ilə daha yaxından tanış olmaq, partiya quruculuğunun, ideya-siyasi işin günün tələbləri səviyyəsində təşkili, yeni üzvlərin, xüsusilə gənclərin partiya sıralarına cəlb edilməsi, uçot və qeydiyyat işlərinin daha da təkmilləşdirilməsi, üzvlük haqlarının toplanması, eləcə də digər təşkilati məsələlər ətrafında fikir mübadiləsinin aparılması və yerli təşkilatların qarşılaşdıqları problemlərin həlli yollarının müzakirə edilməsidir.

Çıxış edən ərazi partiya təşkilatlarının sədrləri görüş zamanı verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Qeyd ediblər ki, partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği və həyata keçirilən layihələrdə aktiv iştirakın təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəklər.

Görüşə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ərazi partiya təşkilatlarının rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, ərazi təşkilatları partiyanın Mərkəzi Aparatının və rayon təşkilatının tapşırıq və tövsiyələrini bundan sonra da məsuliyyətlə və fəal şəkildə yerinə yetirəcəklər.