31 iyul 2026 14:13
102

ABŞ öz hərbçilərinin yarısını İspaniyadan çıxara bilər

ABŞ Avropadakı hərbi iştirakına yenidən baxılması çərçivəsində İspaniyada yerləşdirilmiş kontingentinin yarısını — 2 min nəfərlik şəxsi heyəti bu ölkədən çıxara bilər.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla  Almaniyanın «Handelsblatt» qəzeti məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildirirlər ki, qoşunların bir hissəsinin İspaniyadan çıxarılması Ağ Ev tərəfindən ölkə rəhbərliyinə qarşı bir «cəza addımı» kimi nəzərdən keçirilir. Buna səbəb İspaniyanın İrana qarşı müharibə zamanı ABŞ-yə öz ərazisindəki hərbi bazalardan döyüş əməliyyatları üçün istifadə etməyə icazə verməməsidir.

Bu addım yazda Almaniyadan 5 min hərbçinin çıxarılacağı ilə bağlı elan edilmiş qərarın davamı olacaq.

Qəzet yazır ki, ABŞ-nin Avropadakı hərbi varlığına dair növbəti planlarda Almaniya artıq mərkəzi yer tutmayacaq, lakin qoşunların çıxarılmasının ümumilikdə Avropa üçün fəsadları əhəmiyyətli dərəcədə böyük olacaq.

Bununla yanaşı, ABŞ Konqresindəki bəzi respublikaçılar Avropa kontingentinin ixtisar edilməsi planlarını tənqid edirlər. Onlar Almaniyadan geri çağırılması planlaşdırılan birləşmələri Avropadan tamamilə çıxarmaq əvəzinə, regionun digər ölkələrinə keçirməyə çağırırlar. Brüsseldəki mənbələr nəşrə bildiriblər ki, İspaniyadan çıxarılması nəzərdə tutulan hərbçiləri də eyni ssenari gözləyə bilər.