31 iyul 2026 14:21
136

NATO Avropada nüvə çəkindirmə imkanlarını genişləndirmək planları üzərində işləyir

NATO Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi ssenarilərini hazırlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "«DPA" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, variantlardan biri ABŞ-nin əlavə nüvə silahlarının regionda yerləşdirilməsidir. Ekspertlər ABŞ-nin artıq Böyük Britaniyadakı Leykenhit aviasiya bazasına B61-12 tipli aviabombaları köçürdüyünü istisna etmirlər. Təhlükəsizlik sahəsində vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə, Polşa, Finlandiya və Litva kimi ölkələr də yeni dislokasiya məntəqələri kimi nəzərdən keçirilə bilər.

Planlaşdırma zamanı söhbət ilk növbədə qeyri-strateji nüvə silahından gedir. Strateji silahlarla müqayisədə onlar daha az partlayış gücünə malikdir və hədəfə əsasən döyüş təyyarələri, qısamüddətli raketlər və ya qanadlı raketlər vasitəsilə çatdırılır.

Soyuq müharibədən sonrakı tərksilah prosesinə baxmayaraq, ekspertlərin qiymətləndirməsinə görə, Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədəki 6 hərbi hava bazasında ABŞ-yə məxsus 100-ə yaxın B61-12 bombası qalmaqdadır.

Almaniyada bu silahlar Büyel bazasında yerləşir. NATO-nun nüvə paylaşımı proqramı çərçivəsində zərurət yarandıqda həmin bombalar Almaniya qırıcıları vasitəsilə də tətbiq oluna bilər.

ABŞ-nin nüvə silahları üzrə eksperti Robert Piters «DPA»ya bildirib ki, Vaşinqtonun yaxın 24 ay ərzində Avropada nüvə çəkindirməsini gücləndirmək şansları yüksəkdir. Onun fikrincə, bu addım ABŞ Prezidenti Donald Trampa Rusiya ilə birbaşa münaqişə ehtimalını azaltmağa imkan verə bilər. Piters Avropada əlavə 100–150 ədəd ABŞ qeyri-strateji nüvə silahının (o cümlədən Polşa və Finlandiyada) yerləşdirilməsini məqsədəuyğun hesab edir.

Alyansdakı mənbələrə görə, nüvə çəkindirməsinin genişləndirilməsi ilə bağlı qərarların ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı hələ bəlli deyil. Variantlardan biri Moskvanı konkret addımlar barədə qeyri-müəyyənlikdə saxlamaqdır. NATO və ABŞ hökuməti Avropada Amerika nüvə silahının olduğunu təsdiqləsə də, onların dəqiq sayı və dislokasiya yerləri məxfi saxlanılır.