Rəsmi Roma Mərakeşin şimal sahilində yerləşən кiçik İspaniya şəhəri — Seutadakı miqrasiya böhranı fonunda Madrid ilə Şengen sazişinin fəaliyyətini dayandırmağa hazır olduğunu bəyan edib. İtaliya hökuməti qanunsuz miqrasiya ilə mübarizəni özünün prioritet vəzifəsi hesab edir. «Seutadan gələn kadrlar şok effekti yaradır və bir daha sübut edir ki, nəzarətsiz qanunsuz miqrasiya Avropa sərhədlərinin təhlükəsizliyinə konkret təhdiddir. Biz sərhədlərimizi qorumaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlərə, o cümlədən İspaniya ilə Şengen zonasının fəaliyyətini dayandırmağa hazırıq», — deyə İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

TASS yazır ki, İtaliya XİN rəhbəri Antonio Tayani də bu fikri dəstəkləyib. Onun vəziyyətin bütün Avropanın təhlükəsizliyi üçün təhdid yaratması barədə sözləri Madriddə kəskin etirazla qarşılanıb. «Bu bəyanat avropasayağı həmrəylik gözlədiyimiz tərəfdaş və dost ölkənin xarici işlər nazirinə yaraşmır», — deyə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib və İtaliya səfirini XİN-ə çağırdığını əlavə edib.

“İki sahil” xəbər verir ki, İspaniya KİV-lərinin məlumatına görə, bir həftə ərzində 1,5 mindən çox miqrant Mərakeşdən Seutaya üzərək çatıb. «El País» qəzeti yazır ki, su məsafəsini qət etməyə çalışan 20-yə yaxın insan həlak olub. Şəhər hakimiyyəti mərkəzi hökumətdən sərhədi bağlamağı xahiş edib. Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas baş verənləri «fövqəladə vəziyyət» adlandırıb. Böhran fonunda İspaniya rəhbərliyi hərbçiləri prosesə cəlb etmək qərarına gəlib.

Bir sutka ərzində İspaniya krallığına qanunsuz daxil ola bilənlərin sayı ilə bağlı göstəricilər müxtəlifdir — 20 mindən 50 min nəfərədək. Onlardan hər yeddi nəfərdən biri yetkinlik yaşına çatmayan ola bilər. «EFE» agentliyinin məlumatına görə, minlərlə insan hələ də Seuta ilə sərhəddə yerləşən Mərakeşin Fnidek yaşayış məntəqəsinə gəlməkdə davam edir.

Sərhədi yararaq təhlükəsizlik qüvvələrini daşqalaq edən miqrantlarla polis arasında toqquşmalar baş verib, gözyaşardıcı qaz və su şırnaqlarından tətbiq olunub. Miqrant axınını əks etdirən görüntülər dünyada böyük əks-səda doğurub. İlon Mask isə baş verənləri zombi-apokalipsis filminə bənzədib. O, Madridin miqrasiya siyasətini tənqid edərək qanunsuz miqrantlara çəkilən xərclərin krallıq büdcəsini tükəndirəcəyini vurğulayıb.

Seuta (İspaniyanın Kadis əyalətinin hissəsi sayılır) 2011-ci ildən muxtar şəhər statusuna malikdir. Bu, Afrikanın şimalında, Aralıq dənizi sahilində, Cəbəllüttariqin tam qarşısında yerləşən iki böyük İspaniya yarım-anklavından biridir (digəri Melilyadır). 18,5 kv. km sahəsi olan şəhərdə təxminən 85 min insan yaşayır. Seuta və Melilya Aİ-nin Afrika ilə quru sərhədi olan yeganə əraziləridir. Mərakeş krallığı bu şəhərləri öz ərazisi hesab edir və onların geri qaytarılmasını tələb edir.

"Politico" nəşri baş verənləri son beş ilin ən böyük miqrasiya böhranı adlandırıb. Beş il əvvəl, 2021-ci ilin mayında bir neçə gün ərzində 10 minə yaxın qanunsuz miqrant Mərakeşdən Seutaya keçmişdi. Həmin vaxt İspaniya hakimiyyəti bunu ölkə sərhədlərinə təcavüz adlandırmış və vəziyyəti nizama salmaq üçün hərbçiləri cəlb etmişdi.