“Azərbaycan və qırğız xalqlarını tarixi dostluq əlaqələri birləşdirir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Bu gün Azərbaycan-Qırğıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu səfərlər onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçımızın Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər.
Deputat xatırladıb ki, ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Hazırda isə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə aydın strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır.
Millət vəkili deyib ki, Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq: “Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Deputat qeyd edib ki, cənab Prezidentin səfəri çərçivəsində 3-cü Dövlətlərarası Şuranın iclası keçirilib. İclasda dövlət başçıları çıxış edərək, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi-ticari, humanitar və mədəni əlaqələrin inkişaf perspektivləri haqqında fikirlərini bildiriblər. Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirakını xüsusi vurğulayıb. Həmin ərazidə beşulduzlu “Bakı” hotelinin açılışı həm dostluq münasibətlərinin təzahürü, həm də Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına töhfəsidir.
Əlbəttə, tərəflərin qarşılıqlı maliyyə resursları hesabına həyata keçirdiyi layihələr xalqların mənəvi birliyini möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkı, Nizami Gəncəvi adına 103 saylı məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi istifadəyə verilib. Qırğızıstan isə öz növbəsində Qarabağın bərpasında yaxından iştirak edir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. 2025-2026-cı tədris ilində məktəb ilk 12 məzununu yola salıb.
Bundan əlavə, iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələr də yüksək səviyyədədir. 2024-cü il aprelin 23-26-da Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri, 2025-ci il aprelin 20-25-də isə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ikitərəfli humanitar dialoqun sistemli xarakter aldığını göstərir. 2024-cü il aprelin 24-də Bakıda dövlət başçıları İlham Əliyev və Sadır Japarovun iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılması isə bu əlaqələrin strateji səviyyədə dəstəkləndiyini təsdiqləyir. Tərəflərin həm ikitərəfli, həm də beynəlxalq platformalardakı birgə layihələri Türk dünyasında mədəni inteqrasiyanı daha da dərinləşdirir.
Pərvin Kərimzadə söyləyib ki, Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın ən səmərəli platformalarından biri Türk Dövlətləri Təşkilatıdır: “Türk Dövlətləri Təşkilatında əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək”.
“Bütün bunlar Azərbaycan-Qırğızıstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ölkələrimiz strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru irəliləməklə münasibətlərini tarixi köklərə istinad edərək daha da gücləndirir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.