31 iyul 2026 19:23
94

Azərbaycan–Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq mərhələsində

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək siyasi dialoqdan iqtisadi əməkdaşlığa, humanitar əlaqələrdən regional təşəbbüslərə qədər geniş spektri əhatə edən strateji tərəfdaşlığa çevrilib. Ortaq tarix, türk dünyasına mənsubluq, qarşılıqlı etimad və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır.

Bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə baş tutan iclasda ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti geniş təhlil olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Görüşlər çərçivəsində bir sıra sənədlərin imzalanması və prezidentlərin mətbuata birgə bəyanatlarla çıxış etməsi tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.

Hazırkı geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması hər iki ölkənin nəqliyyat-logistika sahəsində tərəfdaşlığını daha da aktuallaşdırır. Bu marşrut Avropa ilə Asiya arasında etibarlı və sürətli yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Qırğızıstanın bu proseslərdə fəal iştirakı regionda iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edir.

Çolpon-Atada keçirilən görüşlərin diqqət çəkən məqamlarından biri də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü oldu. Bu format regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, nəqliyyat, enerji, rəqəmsal inkişaf, yaşıl iqtisadiyyat və investisiya layihələrinin əlaqələndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.

İkitərəfli münasibətlərdə humanitar əməkdaşlıq da xüsusi yer tutur. Təhsil, mədəniyyət, gənclər və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərin bərpasında Qırğızıstanın göstərdiyi dəstək, xüsusilə Ağdam rayonunda inşa edilən məktəb layihəsi iki ölkə arasındakı dostluq münasibətlərinin real təzahürü kimi qiymətləndirilir. Humanitar əlaqələrin genişlənməsi isə siyasi dialoqun sosial əsaslarını daha da gücləndirir.

Bu gün Çolpon-Atada keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan münasibətləri təkcə dostluq prinsiplərinə deyil, eyni zamanda qarşılıqlı maraqlara, regional sabitliyə və uzunmüddətli inkişaf hədəflərinə söykənir. Türk dünyasında inteqrasiyanın gücləndiyi, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşdığı bir dövrdə Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyi gözlənilir. Bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq məqsədlərin reallaşmasına mühüm töhfə verir.

Nüsrət Məmmədov, "İki sahil"